Dövlət qurumları sorğulara cavab verirmi?

Verilən sorğuların cəmi 14 faizi cavablandırılsa, cəmiyyət inkişaf edə bilməyəcək

«Daxili İşlər Nazirliyinə 2008-ci il büdcələri haqqında məlumat vermələri üçün sorğu göndərmişdik. Bizə nə cavab versələr yaxşıdır? Nazir müavini bizə cavab yazdı ki, bəs, bu dövlət sirridir, ona görə də sizə məlumat verə bilmərik».

Nazirliyin bu cavabı Media Hüquqları İnstitutunun əməkdaşı Xalid Ağayevi təəccübləndirib. Onun təmsil etdiyi təşkilatsa bütövlükdə 260 dövlət qurumuna 960 sorğu göndərib. Hər 10 sorğudan 7-nə cavab almayıblar. Bununla bağlı məhkəmələrə müraciət edəndə isə, nazirliklərlə bağlı iddiaların 70, icra hakimiyyətləri ilə bağlı 50 faizi icraata götürməyib. Bələdiyyələrlə bağlı isə bütün iddiaları icraata götürüb.

Media Hüquqları üzrə ekspert Rəşid Hacılı isə düşünür ki, problemin kökü sənədlərin reyesterinin olmaması, təsnifatının aparılmamasındadır. «Elə buna görə də Daxili İşlər Nazirliyinin büdcəsi ilə bağlı sorğuya nazir müavini «büdcə məsələsi dövlət sirri olduğu üçün açıqlaya bilmərik» cavabı verir».

Ekspertlər düşünürlər ki, 2005-ci ildə «İnformasiya əldə etmək azadlığı haqqında» qanun qəbulundan sonra da bu sahədə vəziyyət dəyişməyib. Üstəlik hələ də mətbuat müvəkkili institutu yaradılmayıb.

Hüquqşünas Ələsgər Məmmədli bildirir ki, informasiya azadlığı təkcə jurnalistə deyil, bütün cəmiyyətə aiddir. Ona görə də bu məsələdə şəffaflığın təmin edilməsi işində bütün cəmiyyət maraqlı olmalıdır. «Verilən sorğuların cəmi 14 faizi cavablandırılsa, cəmiyyət inkişaf edə bilməyəcək».

Multimedia Birliyinin rəhbəri Osman Gündüzsə isə hesab edir ki, internet sahəsində Rabitə Nazirliyinin monopoliyasına son qoymaq üçün üç qurum yaradılmalıdır: «Biri provayderlərlə əlaqələri tənzimləməli, digəri dövlət qurumu kimi çıxış etməli, üçüncüsü isə kommersiya fəaliyyətini həyata keçirməlidir».

Bir sıra vətəndaş cəmiyyəti və media nümayəndələri isə «İnformasiya əldə etmək haqqında» qanunun işləməməsindən prezident İlham Əliyevə şikayət ünvanlayıblar. Şikayət müəllifləri «İnformasiya əldə etmək haqqında» qanunun təsdiqilə bağlı dövlət başçısının verdiyi fərmanda nəzərdə tutulan tapşırıqları Nazirlər Kabinetinin həyata keçirmədiyini, bunun isə qanunun səmərəli işləməsini əngəllədiyini qeyd edirlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə deyir ki, onlar imkan daxilində jurnalistlərin sorğularını cavablandırmağa çalışırlar. Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov da təmsil etdiyi qurumun jurnalistləri məlumatla təmin etməsində problem olmadığını bildirir.

Əslində isə ekspertlər düşünürlər ki, mətbuat xidmətlərinin funksiyaları çox məhduddur. Dövlət orqanları informasiya xidməti göstərən struktur bölmələr yaratmalıdırlar. Ancaq bu barədə son 3 ildə çox danışılsa da vəziyyət dəyişmir…