Müşahidə kameraları cinayətlərin açılmasına necə yardım edəcək?

İlin sonuna qədər Bakının müxtəlif yerlərində təxminən 1200 kamera quraşdırılacaq

«Baş vermiş hadisəni ərazidəki kamera saniyə-saniyə lentə aldı...» Bu ifadəni xarici media vasitələrində ya maraqlı bir hadisə olanda, ya da cinayət baş verəndə tez-tez eşitmək olur. Ancaq Bakı küçələrindəki videokameralarda daha çox yol hərəkəti qaydaları pozuntularının qeydə alındığını görmək olur.

Aprelin 30-da Dövlət Neft Akademiyasında 13 nəfərin ölümüylə nəticələnən qanlı hadisədən sonrasa kamera mövzusu aktuallaşdı. Məlum oldu ki, nə Neft Akademiyasının qətl törədilən korpusunda, nə də bəzi başqa ali məktəblərdə kameralar yoxdur.

Daxili İşlər Nazirliyi isə «Təhlükəsiz şəhər» layihəsinin icrasına başlayıb. Bunun üçün 10 milyon manat vəsait ayrılıb. Bu günlərdə prezident İlham Əliyev bu sistemin təkmilləşdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Daxili İşlər Nazirliyinə daha 6 milyon manat ayırıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məqsəd Bakıda mühafizəni gücləndirmək və cinayətkarlığa qarşı ciddi mübarizə tədbirləri həyata keçirməkdir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, layihəyə görə, kameralar Bakıdakı binalarda və küçələrdə, insanların sıx olduğu ərazilərdə quraşdırılacaq:

«Həmin ərazilər daim nəzarətdə olacaq ki, bu da baş verən cinayət hadisələrinin istintaqı zamanı cinayətkarların tapılmasına yardım edəcək. İlin sonuna qədər Bakının müxtəlif yerlərində təxminən 1200 kamera quraşdırılacaq».

Dövlət Neft Akademiyasının 4-cü kurs tələbəsi Rüstəm Vəliyevsə 30 aprel hadisəsindən sonra da oxuduğu ali məktəbdə təhlükəsizlik sisteminin qurulmamasından narahatdır:

«Bura heç bir mühafizə göndərilməyib. Bizim kimi tələbələr qapıda dayanıb sənədləri yoxlayır. Nə bir silahlı mühafizəçi var, nə də kameralar, əvvəlki kimidir...»

Ekspertlərsə deyirlər ki, Bakının təhlükəsizlik sistemi bu vaxta qədər yetərincə qurulmayıb. Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Mahmud Hacıyev də bildirir ki, bu sahə illərdir yada düşməyib, yalnız Neft Akademiyasındakı qanlı hadisədən sonra aktuallaşıb:

«Kameraların sayı həddindən artıq azdır. Bu sahədə dünyada axırıncı yerlərdən birini tuturuq. Kameralar cinayətkarlığın açılması yönündə profilaktik tədbir rolunu oynaya bilər. Söhbət baş vermiş cinayətkarlığın açılmasından gedirsə, kameralar olmalıdır, ancaq əsas hüquq-mühafizə orqanlarının, xüsusilə əməliyyat xidmətinin peşəkarlığıdır. Cinayətkarlığın açılması üçün istintaq xidməti peşəkar olmalıdır, kameralar isə onlara ancaq yardım edə bilər».

Bakının 20 orta məktəbində də xüsusi kameraların quraşdırılması planlaşdırılır. Bu haqda Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib. Artıq kameraların quraşdırılacağı məktəblərin çoxuna avadanlıqlar da alınıb.