Qasımovlar ailəsində qrip əlamətləri aşkar edilməyib

Xəstələrin vəziyyəti hazırda kafi qiymətləndirilir

Saatlı rayonunun Naharlı kəndində bir ailə ürəkbulanması, yüksək hərarət və ishal əlamətləriylə yerli xəstəxanaya müraciət edib.

Respublika Taun Əleyhinə Dispanserin direktor müavini Şair Qurbanov «Azadlıq» radiosuna bildirib ki, xəstəxanaya müraciət edən Qasımovlar ailəsinin qidadan zəhərləndiyi bəlli olub: «Onlarda qrip əlamətləri aşkar edilməyib. Botulizm xəstəliyidir».

Ailənin bir üzvünün vəfat etməsiylə bağlı məlumatlara gəlincə, Şair Qurbanov deyir ki, vəfat edən şəxs epilepsiyadan əziyyət çəkirmiş. Ölümə səbəb də elə bu xəstəlik olub: «Epilepsiyası tutanda yıxılıb, başı dəyib. Bir neçə saat sonra isə keçinib».

Şair Qurbanov deyir ki, xəstələrə ilkin diaqnoz kimi botulizm xəstəliyi qoyulub, amma laboratoriya analizlərinin cavabı bir-iki günə məlum olacaq. Xəstələrin vəziyyəti hazırda kafi qiymətləndirilir.

Mayın 24-də Saatlı rayonunun Naharlı kəndində yaşayan Qasımovlar ailəsi ürəkbulanması, yüksək hərarət və ishal əlamətləriylə yerli xəstəxanaya müraciət edib.