«Büdcəyə olan borclar artıq 4 milyard manatı keçib»

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli
«Büdcəyə olan borclar artıq 4 milyard manatı keçib. Bu isə Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olan vəsaitin 73 faizi qədərdir. Yəni 4-dən 3–ü qədər».

Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli parlamentdə 2008-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olunarkən deyib. O hesab edir ki, müzakirələrdə 9 iri dövlət vergi ödəyicilərinin vergi borcları haqda danışılır, amma xüsusi mülkiyyətə daxil olan vergi ödəyicilərinin vergi borcu unudulur:

«Halbuki, hazırda xüsusi mülkiyyətə daxil olan müəssisələrin vergi borcları 9 iri vergi ödəyicisinin borcundan təqribən 3 dəfə artıqdır. Bu məbləğ artıq 3 milyard manatı keçib. Və bu borclar getdikcə artır».

Deputat deyir ki, əgər Azərbaycanda xüsusi mülkiyyət 85 faiz təşkil edirsə, bu sektora daxil olan müəssisələrin ödədiyi vergi 25 faizə qədərdir. Bu fərq burada nə qədər ehtiyat olduğunun aydın göstəricisidir.

Əli Məsimli bildirir ki, o, artıq əvvəllər olduğu kimi bu məsələni Vergilər Nazirliyinə irad tutmaq fikrində deyil:

«Çünki bu vəziyyətin yaranmasının dərin kökləri var. Həmin köklər aşkarlanmalı və bilavasitə həmin vəsaitlərin büdcəyə daxil edilməsi istiqamətində səylər göstərilməlidir. Çünki bu vəsaitlər büdcəyə daxil edilmədikcə Neft Fondundan ayrılan vəsaitlər artır. 2007-ci ildə fonddan büdcəyə cəmi 7 faiz vəsait ayrılmışdısa, 2008-ci ildə 35 faiz ayrıldı».

Əli Məsimli hesab edir ki, 2009-cu ildə Neft Fondundan dövlət büdcəsinə ən azı 40 faiz vəsait ayrılacaq ki, bu da belə davam etsə, bir müddətdən sonra Neft Fondunun vəsaitinin əriməsinə gətirib çıxara bilər.

Sonda parlament 2008-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsini səsə qoyaraq qəbul edib.