Sumqayıtdan Bakıya gəlmək çətinləşdi

Bakı-Sumqayıt yolu. 31 may 2009

Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzal olan hissəsində həyata keçirilən inşaat işləri ilə bağlı Sumqayıtdan Bakı istiqamətində yolda hərəkat çətinləşib. Həmin istiqamət boyunca hərəkətdə böyük tıxac yaranıb.

«Azərinşaat»ın həyata keçirdiyi qazıntı işləri mayın 30-da axşam saatlarından başlayıb.

Şəhərə giriş Yasamal istiqamətindən həyata keçirilir. Amma bu istiqamətdə də təmir işi başa çatmadığından tıxac yaranır.

«Azərinşaat»ın işçiləri «Azadlıq» radiosuna bildiriblər ki, inşaatda məqsəd Bakı Dairəvi Nəqliyyat Yolunun hazırda inşa edilən Biləcəri körpüsü ilə birləşdirməklə Sumqayıt şosenə çıxmaqdır. Tikinti işlərinin 3 ay davam edəcəyi deyilir.

Belə vəziyyətin yaranması Sumqayıt-Bakı istiqaməti ilə hərəkət edən sərnişinlərdə əsəbilik yaradıb. Adamların bəziləri tıxaclardan bezərək yolun qalan hissəsini piyada gediblər.

Sürücülər də bundan əvvəl inşaat işi aparılarkən nə üçün tunel keçidini quraşdırılmadığından şikayətlənirlər.