İctimai qurumlar son neft müqavilələrinin gizli saxlanmasından narahatdılar

İctimai qurumların Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞAK) 16 neft yatağının işlənməsilə bağlı imzalanan müqavilənin gizli saxlanmasından narahatdır. Bunu xoşagəlməz ənənənin başlanğıcı hesab edən koalisiyanın iyunun 3-də yaydığı bəyanatında sözügedən fakt neqativ siqnal kimi qiymətləndirilir.

Koalisiya hesab edir ki, sazişlərdə 80 faizlik payla iştirak edən şirkətlərin nəinki kifayət qədər tanınmış olmaması, həm də onların ofşor zonalarda qeydiyyatdan keçmələri və barələrində ictimaiyyətin heç bir məlumatının olmaması vətəndaş cəmiyyəti üzvlərini ciddi narahat edir.

Koalisiyası bildirir ki, bütün bunlar Azərbaycanın bu yaxınlarda - 2009-cu ilin fevralında dünyada birinci və hələlik yeganə olaraq MHŞT-nin tamhüquqlu üzvü seçildiyi bir zamanda baş verir. Koalisiya bunu Azərbaycanın imicinə və indiyəcən qazandığı uğurlara çox böyük zərbə hesab edir.

2009-cu il fevralın 3-də Dövlət Neft Şirkəti ilə Qlobal Enerji Azərbaycan Ltd şirkəti arasında 16 neft yatağının işlənməsilə bağlı müqavilə imzalanıb. Müqavilə mayın 18-də parlamentdə təsdiq edilib.

İctimai qurumlar isə hesab edirlər ki, müqavilənin imzalanması mətbuatın və ictimai qurumların iştirakıyla olmalıydı.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev müqavilənin gizli saxlanması barədə məlumatları qəbul etmir. O deyir ki, podratçı şirkətin müqavilədən imtina etməməsi üçün bu barədə məlumatı parlamentin sənədi imzalamasından sonraya saxlayıblar.