1.6 milyard manat hara getdi?..

Hər il 2-3% məbləğin xərclənmədən büdcəyə qayıtması halları olur, indi isə söhbət təxminən 13%-dən gedir

2009-cu ilin büdcəsindən 1,6 milyard manatın hara xərclənəcəyi hələ də bəlli deyil. Bəzi iqtisadçılar hələ ilin əvvəlində bu vəsaitin bölüşdürülməmiş qalmasını «Büdcə haqqında qanun»a və prezidentin uyğun fərmanına zidd saymışdılar. Nazirlər Kabineti 1 milyarddan çox vəsaiti ehtiyat vəsaiti kimi saxlamışdı. Hərçənd bir çox müstəqil iqtisadçılar büdcə qanunvericiliyində «ehtiyat fond» anlayışının olmadığını bildirib hökumətin bu addımını təqdir etməmişdi.

Hökumətdən isə bildirmişdilər ki, ilin ortalarında parlamentdə büdcəyə baxılacaq və bu vəsaitin xərclənmə təyinatı da məlum olacaq. 1,6 milyard manat təxminən 5 milyard manatlıq investisiya xərclərinə daxildir.

HÖKUMƏT BÜDCƏYƏ BAXMADAN TƏTİLƏ ÇIXDI

Milli Məclis isə 2009-cu ilin büdcəsinə baxmadan yay tətilinə çıxdı. Bir çox iqtisadçılar isə büdcənin 13 faizini təşkil edən bir məbləğin bölüşdürülməmiş qalmasından narahatdır. Milli Büdcə qrupunun eksperti Rövşən Ağayev:

«Deyirdilər ki, növbəti büdcə dəyişikliyində bu vəsaitin taleyinə baxılacaq. Əgər məlum olsa ki, hökumət investisiya xərcləri ayrılmış vəsaiti tam xərcləyəcək, onda Nazirlər Kabineti yeni sərəncamla bu vəsaiti bölüşdürəcək. Hökumət də büdcəyə baxmadı. Bu məsələ havada qalıb. Artıq ilin yarısı gedib. Amma bu vəsaitin taleyi bəlli deyil. Nazirlər Kabineti bu vəsaiti bölüşdürməsə, belə çıxır ki, hökumət o pulu ilboyu hara istəyir, xərcləyəcək. Sonra da il bitəndə parlamentə hesabat verəndə məlum olacaq ki, məmurlar fərdi qərarla bu pulu necə istəyiblər, eləcə də sərf ediblər».

1,6 MİLYARD MANATIN XƏRCLƏNMƏ TƏYİNATI NƏ ZAMAN BƏLLİ OLACAQ?

Suala Nazirlər Kabinetində cavab axtardıq. Mətbuat xidmətinin rəhbəri Akif Əli bu barədə məlumatı olmadığını söylədi.

Parlamentin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimov isə deyir ki, onlar da bu vəsaitin taleyindən xəbərsizdilər, çünki bu ilin büdcəsinə yenidən baxılması üçün o, parlamentin müzakirəsinə verilmədi:

«Hökumət açıqlama verməlidir ki, bu məsələyə son variantda necə baxacaq. Bütün neft hasil edən ölkələr öz büdcələrini neftin sıçrayışlı qiymətlərinə uyğun tərtib eləmişdilər. Amma sonra gördülər ki, əksinə proses gedir, həm neftlə bağlı büdcədə yeni proqnozlar təqdim elədilər, həm də öz büdcələrinə dəyişiklik elədilər. İndi bu suallara bizdə cavab olmasa, görmədiyimiz sənəd barədə bir söz demək çətindir».

Millət vəkili Pənah Hüseyn də deyir, bu ilin büdcəsi elə böyük məbləğdə tərtib olunub ki, ayrılan vəsaitin təxminən 50-60 faizinin icraya yönəldilməsini gözləmək olar:
«Büdcənin formalaşması mənbələri hələ qeyri-müəyyən qalıb. Bu baxımdan bu məbləğin də bölüşdürülməsi qeyri-müəyyən vaxta qədər saxlanıb».

BƏS BU VƏSAİT XƏRCLƏNMƏMİŞ QALA BİLƏRMİ?

Söhbət onun xərclənmədən büdcəyə qaytarılmasından gedir. Milli Büdcə qrupunun eksperti Rövşən Ağayev bunu mümkün sayır. Amma deyir ki, belə olan təqdirdə ortaya suallar çıxacaq ki, büdcə əvvəldən ya qəsdən şişirdilib, ya da qeyri-peşəkar səviyyədə proqnozlaşdırılıb. Onun sözlərinə görə, hər il iki-üç faiz məbləğin xərclənmədən büdcəyə qayıtması halları olur, amma indi söhbət büdcənin təxminən 13 faizindən gedir.

Prezidentin «2009-cu il dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair» fərmanının 3-cü maddəsində deyilir ki, Nazirlər Kabineti bütün investisiya xərclərini obyektlər və təsnifatlar üzrə bölgüsünü bir ay müddətinə həyata keçirilməlidir. Rövşən Ağayev deyir ki, bu fərman hökumətə nəzərdə tutulan məbləği bölüşdürməmək hüququ vermir.