«Demək olmaz ki, Azərbaycanda məscidlər sökülür»

«Demək olmaz ki, Azərbaycanda məscidlər sökülür. Bu, məscidlərin sökülməsi deyil, ayrı-ayrı insanların özbaşına fəaliyyətinin qarşısının alınmasıdır».

Prezident Administrasiyanın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son vaxtlar Azərbaycanda bir sıra məscidlərin sökülməsinə belə münasibət bildirib.

«Ayrı-ayrı adamların öz kommersiya ehtiyaclarını təmin etmək məqsədi ilə tikdiyi məscidlər normal dini fəaliyyətlə bir araya sığmır. Ona görə də burada nizam-intizam, qayda-qanun yaradılmalıdır. Hesab etmirəm ki, bununla dini inanclı insanların hüquqları tapdanır».

Son vaxtlar ölkənin bir sıra yerlərində tikilmiş məscidlər sökülür. mayın 12-də Neft Daşlarındakı məscid, aprel ayında isə Yasamal rayonunda bir məscid sökülüb. Həmin günlərdə Şəhidlər Xiyabanındakı Türk Camisinin də fəaliyyəti təmir adı ilə dayandırılıb. Ötən il isə Bakıda «Əbu-Bəkr» məscidinin fəaliyyəti dayandırılıb.

Dini Komitədən bildirirlər ki, hazırda Azərbaycanda 1750 məscid var ki, onların 500-dən bir az çoxu rəsmi qeydiyyatdan keçib.