Dağlıq Qarabağın Azərbaycanlı İcması özünə yeni rəhbər seçdi

Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayı, 5 iyun 2009

«Mən çox təəssüflənirəm ki, qurultay Azərbaycanın himni ilə açılmadı. Mən çox təəssüflənirəm ki, burada heç olmasa Qarabağda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmədi».

QURULTAYDA HİMN OXUNMADI

İyunun 5-i Dağlıq Qarabağın Azərbaycanlı İcması özünə rəhbər seçmək və ümumiyyətlə, yenidən təşkilatlanmaq üçün keçirdiyi qurultayın açılışı Sabir Rüstəmxanlının təşkilatçılardan narazılığı ilə yadda qaldı. Millət vəkili qurultayın Azərbaycanın himni ilə işinə başlamamasına etiraz etdi. Bununla belə, qurultay davam etdi və Bayram Səfərov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni rəhbəri seçildi. Şuşa Şəhər İcra Hakimiyyətinin indiki başçısı icmanın keçmiş rəhbəri mərhum Nizami Bəhmənovdan sonra bu vəzifəni həyata keçirəcək.

B.Səfərov hesab edir ki, azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması üçün maksimum çalışmaq, bu istiqamətdə işləri daha da genişləndirmək lazımdır:

BAYRAM SƏFƏROV HƏMSƏDRLƏRiN FƏALiYYƏTiNDƏN NARAZIDIR

«Məqsəd birləşmək, güclənmək, xaricdə yaşayan azərbaycanlılarla əlaqələri genişləndirmək, Azərbaycan əhalisinin bugünkü çətin yaşayışını, bütün sosial məsələlərini, qayğılarını dünya ictimaiyyətinə çatdırmaq olmalıdır».

B.Səfərov ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən narazıdır. Deyir ki, onlar Dağlıq Qarabağın erməni icması ilə müzakirələr apardıqları halda azərbaycanlı icması ilə görüşmürlər.

İcmanın yeni rəhbəri Dağlıq Qarabağa azərbaycanlılar qayıtdıqdan sonra orada bölgənin taleyini həll etmək üçün referendumun keçirilməsini də mümkün sayır.

Qurumun əvvəlki rəhbəri Nizami Bəhmənov vəfat etdikdən sonra bu işin kimə həvalə ediləcəyi, və onun hansı keyfiyyətlərə malik olması məsələsi müzakirə obyektinə çevrilib.

Yeni icma rəhbəri Bayram Səfərov
Milli Məclisin sədr müavini Bahar Muradova hesab edir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri müasir dünyanın bütün şərtlərini, tələblərini, eləcə də problemi yaxşı bilən və dövlətin bu istiqamətdə siyasətini dəstəkləyən şəxs olmalıdır.

Yeri gəlmişkən, deyim ki, əvvəlki icma rəhbəri Nizami Bəhmənov bəzən özü ilə həmsədrlər arasında gedən söhbətlərdə ciddi fikir ayrılığının, narazılıqların baş verdiyini də bildirirdi. Çıxışlarının birində cənab Bəhmənov demişdi ki, rusiyalı həmsədr Yuri Merzlyakov öz aralarındakı söhbətdə azərbaycanlılarla ermənilərin Dağlıq Qarabağda birlikdə yaşaya bilməsinin mümkünsüz olduğunu söyləyib. Və həmsədrlərin bu cür hərəkəti onu narahat edir.

«İCMA RƏHBƏRİ ƏN AZI RUS VƏ İNGİLİS DİLLƏRİNİ BİLMƏLİDİR»

Mütəxəssislərsə hesab edirlər ki, icma rəhbəri ilk növbədə, hər bir situasiyaya hazır olmalıdır. Politoloq Zərdüşt Əlizadənin fikrincə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri rus, ingilis dillərini bilməli, diplomatik danışıqlarda özünü aparmağı bacarmalıdır. Politoloq icmanın təşkilatlanmasını belə dəyərləndirir:

«O əhali tərəfindən böyük hörmətə layiq insan olmalıdır. Müasir səviyyəli, azı rus dilini bilən adam olsun. Yaxşı olar ki, ingilis dilini də bilsin. Diplomatik danışıqlarda özünü aparmağı bacarmalıdır. Pis olmazdı ki, ermənilər də onu müsbət bir insan kimi tanısın. Bütün bu parametrlərə cavab verirsə olsun».

Z.Əlizadə hesab edir ki, gec-tez məsələ gəlib xalqların öz müqəddəratını təyinetmə anına çatacaq:

«Bu təşkilatlanma Dağlıq Qarabağın statusu həll olunan zaman azərbaycanlıların da öz müqəddəratını təyin etmək istəyini deyə bilməsi üçündür».

Qurultayda həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin adı dəyişdirilib, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi adlandırıldı. Bayram Səfərov qurumun İdarə Heyətinin sədri oldu.

Bayram Səfərov 1950-ci ildə Şuşada anadan olub. Şuşa rayon istehlak cəmiyyətinin sədri, icra başçısının müavini vəzifələrində çalışıb. Son dövrlər Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətində (AZAL) məsul vəzifədə işləyib. Bu ilin fevralında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.