Anıldı da—böyük şairin irsinin ən usanmaz araşdırıcısı Gülhüseyn Hüseynoğlu və onun şeirlərinin bənzərsiz ifaçısı Əminə Yusif qızı qonağımız oldular. Çoxlu mesajlar, zənglər aldıq. Müşfiqin şərəfinə şeir həsr edənlər, şeirlərini əzbər deyənlər oldu. Yəqin daimi dinləyicimiz də razı qaldı, biz də... Aradan 1 il ötdü... «Can Bakı» canlı yayımda deyil, virtual məkandadır...Ancaq mən dinləyicilərimin nəfəsini, istəyini, ürək döyüntülərini hələ də hiss edirəm, duyuram, qiymətləndirirəm. İnanın, sizin yazdığınız hər mesaj məni yazmağa ruhlandırır, qol-qanad verir. Elədirsə, mən nə haqla 101 yaşlı böyük şairimizi kiçik bir yazıyla anmayım? Bu dəfə özüm qəsdən bir gün gecikdim. Yazının adi iş günü yox, şənbə günü—101 yaşdan bir gün sonra oxunmasını istədim. Hələ bir ad da öz-özünə doğdu: «101 yaşdan bir gün sonra yazılanlar...» MÜŞFİQİN ƏN YADDAQALAN YUBİLEYİ NƏ VAXT OLUB? 1968-ci ildə. O zaman mən orta məktəbdə oxuyurdum. Hələ Müşfiq xalq arasında belə sevilmirdi, bu cür oxunmurdu, təbliğ olunmurdu. Sevilən, təbliğ olunan şairlər nə qədər ..desən vardı. Birdən-birə 60 illik yubiley böyük təntənəylə bayram edilməyə (məhz bayram) başladı. İndi dövrü yadıma salıb rəhmətlik Şıxəli Qurbanovun dəsti-xəttini aydınca hiss edirəm. Heç nə quru, yubiley xatirinə yubiley deyildi. Hər şey ürəkdən, içdən, təbii idi. 3 cilddə kitabları çap olundu, yaradıcılığı araşdırıldı. Ömür yoldaşı Dilbər xanım Axundzadənin «Müşfiqli günlərim» xatirələr kitabı çıxdı. Televiziya, radio hər gün Müşfiqdən danışdı, onu öydü. Hələ onun sözlərinə yazılan mahnıları demirəm: «Qurban olduğum», «Maralım», «Söylə», «Sən-sən», «Sənə qurban» və s. Dövrün ən görkəmli ifaçıları bu mahnıları oxuyurdular... BU MAHNILAR YADDAŞLARDAN GƏLƏN ŞEİRLƏRƏ BƏSTƏLƏNMİŞDİ Bu şeirlərin heç biri şairin sağlığında çap olunmamışdı. Üstəlik, əlyazmaları da qalmamışdı. 1937-38-ci illərdə gecələr evlərə gələn qara maşınlardakı «qara adamlar» onları da məhv etmişdi. İki qadının sayəsində bu şeirlər təzədən ömür qazanır. Onlardan birini az öncə sizə xatırlatmışam - Müşfiqdən sonra olmazın əziyyətlər, həbslər görmüş Dilbər xanım, ikincisi yazıçı Mehdi Hüseynin həyat yoldaşı Fatma xanım. Bu iki fədakar qadın uzun, qorxulu illərin uzaqlığından çəkinməyib, şairin şeirlərini yaddaşlarında saxlamışdılar! Eşq olsun o xanımlara! Ruhları şad olsun. Yoxsa bizlər bu qədər gözəl şeirlərdən xəbərsiz yaşayacaqdıq: Mən ki, bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı?! Dünyaya sığmayan şair könlümü Köksümdən çıxarıb oynatmadınmı?! ..Min hicran könlümü alanda ələ, Zərrəcə halıma yanmadın belə, Müşfiqin qəlbini tez alıb ələ, Onu röyalardan oyatmadınmı? Və ya: Bu qara baxtımla bizim ellərdə Sən neçin ağlarsan mən duran yerdə, Nərgiz gözlərinin yaşına qurban? Və ya: Sevirəm bənövşə tək boynun bükərək o məhzun duruşlarını. Sevirəm Mənimlə göz-gözə gələndə, Şimşək baxışların vuruşlarını. Sevirəm kiprik çala-çala məni süzərək Bir mahir ovçudan qorxmuş, ürkərək O ceyran ədalı baxışlarını... Hə, bu şeirlərin hamısı yaddaşlardan kitablara köçdü, əbədilik qazandı. Eynən Almas İldırımın hafizələrdə qalan bir neçə şeiri kimi. Onun 20-ci illərdə sevdiyi qıza yazdığı «Durnam» şeiri uzun illər sevdiyinin - Humay Hüseynzadənin yaddaşında yaşamış, 90-cı illərdə artıq ağsaçlı nənənin dilindən yazıya alınmışdı...Görünür, bu bizim taleyimizdir... MÜŞFİQ ATASINDAN GÜCLÜ ŞAİR İDİ Mikayılın atası da şair idi—Mirzə Əbdülqədir İsmayılzadə həm də müəllim idi. Müslüm Maqomayevin «Şah İsmayıl» operasının librettosunu da o yazıb. Mikayıl Xızıda 1908-ci il iyunun 5-də doğulub. Onu 3 aylıq olanda Bakıya gətiriblər. Mikayıl ana üzü görməyib. Onu Səfiyyə adlı süd anası böyüdüb. İndi Xızının Sayadlar obasında Müşfiqin adına ev-saray tikiblər. Gülhüseyn müəllimin dediyinə görə, Müşfiqin baba evi çoxdan dağılıbmış, o kənddə 3 qayınağacı və bir çaydan başqa heç nə yoxmuş. Lap yaxın illərdə Müşfiqin bir qohumu—Əbülhəsən bəy orda Müşfiqin adına saray ucaldıb. Deyib, qoy bu da olsun onun ev muzeyi, həm də baba ocağı... 1920-ci illər Müşfiqin təhsil illəridir. Rus-tatar məktəbindən sonra Bakı Darülmüəllimində, 12 saylı məktəbdə, 1927-31-ci illərdə isə Universitetin Dil-ədəbiyyat fakültəsində oxuyub. 7 il Bakı məktəblərində müəllimlik edib. İndi onun adını daşıyan 18 saylı məktəb onun son iş yeri olub. Onu Hüseyn Cavidlə, Əhməd Cavadla eyni gündə, daha düzü, eyni gecədə aparıblar...Bu gediş üç böyük şairimizin son gedişi olub... Müşfiqin ölüm tarixinin 1938-ci il yanvarın 6-sı olduğu deyilir. Ancaq onun nə ölüsünü, nə dirisini görən yoxdur. Ən təsirlisi—onun məzarı yoxdur... MÜŞFİQİN SOSİALİZMİ ÖYƏN ŞEİRLƏRİ DƏ VAR Bu şeirlərin əlacsızlıqdan yazıldığı o dəqiqə hiss olunur. Sosializmi tərənnüm edən Müşfiq səmimi deyil. İncə sevgi şeirləri yazan Müşfiq bambaşqadır. Ancaq görünür, bu şeirlər də onu xilas edə bilməyib. Gülhüseyn müəllim söyləyir ki, 1935-ci ildə Yazıçılar Birliyinin plenumu keçirilirmiş. Mərkəzi Komitədən də nümayəndələr varmış. Gələnlər çıxışlarında vurğulayıblar ki, Müşfiq «o dəstədən» ayrılmalıdır. Mən gəncəm bilirəm istiqbalım var, Hələ bədr olmamış bir hilalım var. Yelkənim açılır, qara yel əsmə, Mənim bu dəryada bir sandalım var! Necə ürək sahibi olasan ki, 30-cu illərdə belə şeirlər yazasan, bədr olmamış hilaldan danışasan! Qara yellər bu üzdən də onu apardı. Nə gəncliyinə, nə fitri istedadına acıdı... MÜŞFİQ SİNƏDƏFTƏRMİŞ Bu xatirəni də mənə Gülhüseyn müəllim danışıb. O da Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovdan eşidib. Pedaqoji İnstitutda şeir gecəsi keçirilirmiş. Vurğunla Müşfiq tələbələrin qonağıymış. Əvvəl Səməd Vurğun, sonra Müşfiq başlayıb. Bütün şeirlərini əzbərdən deyib. Axırda tələbələrə söyləyib ki, Ömər Xəyyamın 186 rübaisini tərcümə etmişəm. İstəyirəm onu da oxuyum. Hər rübaidən sonra gurultulu alqışlarla çıxışını tamamlayıb. Müşfiq belə şair imiş... Vaxtilə bir kölgə tək hürr yaşamaq istəyən, Bu insan oğlu bilsən, Azadlıq ölkəsində daha şad olacaqdır. Dünya dad alacaqdır. Çox təəssüf! Azadlıq ölkəsində hürr yaşamaq, dünyanın dadını çıxarmaq ona nəsib olmadı. Yaradıcılığının ən məhsuldar çağında «Sevdalar ölkəsinin» o böyük şairini qara yellər sovurub apardı. Azərbaycan Müşfiqsiz qaldı... Doğuluşunun 101-ci ilində onu öz misralarıyla anmağa nə deyirsiniz? Müşfiqin hansı misraları hər zaman dilinizdə, ürəyinizdədir? Unutmayın, böyük şairləri yaşatmağın ən gözəl yolu onların şeirlərini söyləməkdir!... |