Qazın qiymətiylə bağlı hansısa razılıq əldə olunmayıb

«Qazın qiymətilə bağlı Türkiyə, Gürcüstan və Rusiyanın «Qazprom» şirkəti ilə Azərbaycan arasında müzakirələr hələ davam edir. Qiymətlə bağlı hələ ki hər hansı razılıq əldə olunmayıb». Bunu jurnalistlərə Dövlət Neft Şirkətinin müşaviri Eldar Şahbazov deyib.

Eldar Şahbazov deyir hansı qiymətlərin müzakirə olunmasından xəbərdardır, amma tərəflər arasında razılıq əldə olunmadığından o, həmin məlumatı açıqlaya bilməz.

«Qazprom» bir müddət əvvəl Azərbaycana «Şahdəniz» yatağından çıxarılan qazın hamısını Avropa qiymətlərinə almaq istədiyini bəyan edib.

Türkiyəyə gəldikdə isə Azərbaycan tərəfi bu ölkəyə qazın ucuz satıldığını bildirir. Hazırda Azərbaycanın Dövlət Neft Şirkətilə Türkiyənin BOTAŞ şirkəti arasında qiymətlə bağlı müzakirələr davam etdirilir.

Gürcüstana gəldikdə, Eldar Şahbazov deyir bu ölkəyə satılan qaz da bahalaşacaq.
Bir neçə il əvvəl tərəflər arasında əldə olunan razılaşmaya görə, Türkiyə və Gürcüstana Azərbaycanın 1000 kub metri 120 dollara satılır.