Bakıdakı İran konsulluğunda səsvermə keçirilir

Bakıdakı İran konsulluğunda səsvermə

İyunun 12-də İranda keçirilən prezident seçkilərilə bağlı bu ölkənin Bakıdakı konsulluğunda da səs vermə başlayıb.

Səfir Məhəmməd Baqir Bəhrami ötən seçkilərlə müqayisədə bu dəfə Azərbaycandakı iranlı seçicilər arasında daha çox fəallıq müşahidə olunduğunu bildirib. Səfirin sözlərinə görə, ötən seçkidə səsvermədə 700 nəfər iştirak etsə də, bu dəfə daha çox adamın səsverməyə gəlməsi gözlənilir:

«Səhər saat 8-dən İran vətəndaşları səsverməyə gəlirlər. Hər kəs siyahıya baxır və istədikləri namizədə səs verirlər».

İranda keçirilən prezident seçkilərində dörd namizəd mübarizə aparır.

Onlardan biri də əvvəlki prezident Mahmud Əhmədinejaddır. Onun əsas rəqibinin keçmiş baş nazir Mirhüseyn Musəvi olduğu hesab edilir.

Əhmədinejadın rəqibləri onun ölkə iqtisadiyyatını korlamaqda ittiham edirlər.

Analitiklərin fikrincə, Əhmədinejadı daha çox kasıb kənd əhalisi müdafiə edir.