Hökumətin iclaslarından birində Baş prokuror Zakir Qaralovun prezident İlham Əliyevə üzünü tutub belə bir çıxış eləməsini təsəvvür edə bilərsinizmi? Təxminən 30 il əvvəl, ötən əsrin 70-ci illərində o vaxtkı respublika prokuroru bu sözləri 1-ci katibin üzünə deyib. QAMBAY MƏMMƏDOV AÇDI SANDIĞI, TÖKDÜ PAMBIĞI 1978-ci ildə Ali Sovetin sessiyasında çıxış edənlər Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevi «millət atası» adlandırır. Baş prokuror, deputat Qambay Məmmədov replika üçün söz istəyir, ancaq sessiyaya sədrlik edən xalq şairi Süleyman Rüstəm ona söz vermir. Bu vaxt Qambay Məmmədov tribunaya çıxıb bildirir ki, respublika prokuroru kimi ölkə rəhbərliyinə kənd təsərrüfatı və sənaye sahəsində dövlət əleyhinə irimiqyaslı əməllər barədə dəfələrlə məlumat verib, ancaq tədbir görülməyib. KP MK Büro üzvlərinin, Təftiş Komissiyasının sədrinin qəbuluna da düşmək istəyib. O, göstəricilərin şişirdilməsinə - «pripiska»ya etiraz edib: «Lakin məni əslində heç kəs qəbul etməmişdir. Respublikada işlərin vəziyyətinə yaxşı bələd olduğuma görə hər yerdə təriflənən nailiyyətlərin doğruluğuna şübhə edirəm. Əminəm ki, Azərbaycana bütün mükafatlar respublikada işlərin əsl vəziyyəti qabaqcadan yoxlanılmadan verilib». Nadir Ağayev «Fəlakətlərimizin baiskarı» kitabında yazır ki, həmin sessiyada Q.Məmmədovu susdurmaq üçün 17 deputat çıxış edib. Çıxışçılar Mərkəzi Statistika Komitəsinin məlumatına şübhəylə yanaşmağı «fitnəkarlıq» adlandırıblar. Komitənin sədri S.Abbasəliyev deyib ki, rəqəmlərin şişirdilməsinə qətiyyən yol vermirlər: «Rəqəmlərin dəqiqliyi məsələsində birinci dayağımız Heydər Əliyeviç Əliyev yoldaşdır». Bu çıxışdan sonra Heydər Əliyev əsəbiləşib, tədbiri tələsik yekunlaşdırıb. Vəziyyəti gərginləşdirən həm də plenumda Kremldən gəlmiş şəxslərin iştirakı idi. ONUN CİNAYƏTİNİ SÜBUT EDƏ BİLMƏDİLƏR Bu çıxışdan sonra Qambay Məmmədovun işini yoxlamaq üçün SSRİ Prokurorluğundan komissiya gəlib. Onu prokurorluğu partiyaya qarşı qoymaqda ittiham ediblər. Vəzifəsindən, üç ildən sonra partiyadan çıxarıblar. Ancaq komissiya xırda pozuntulardan başqa bir şey tapa bilmədiyindən, Q.Məmmədov barəsində 124 epizodluq cinayət işinə xitam verilir. QOHUMLARINA TƏZYİQLƏR BAŞLADI Qambay Məmmədovdan sonra prokurorluğun iki idarə müdiri - İbrahim Babayev və İsgəndər Quliyev dövlət əmlakını mənimsəməkdə ittiham olunur, barələrində ölüm hökmü çıxarılır və hər ikisi güllələnir. «Kommunist» qəzetinin 1988-ci il 252-ci sayında qəzetin əməkdaşı Rəfail Nağıyev «Qərəz çaşqınlığı» başlıqlı məqalədə Qambay Məmmədovun qohumlarının məruz qaldığı repressiyalardan yazıb. Müəllifə görə, məşhur çıxışdan sonra Q.Məmmədovun qohumları bir-birinin ardınca vəzifədən çıxarılıb, bəzilərinə cinayət işi açılıb. Bacısının əri Vəli Əliyevi tutub, 12 il cəza kəsiblər, yeddi il yatandan sonra dünyasını dəyişib. Rafael Nağıyev yazırdı ki, Qambay Məmmədovun təqribən 20 qohumunu repressiyaya məruz qoyublar. Bəzi mənbələr Qambay Məmmədov - Heydər Əliyev münaqişəsinin daha dərin olduğunu iddia edir. Q.Məmmədovdan əvvəl Respublika prokuroru vəzifəsi H.Əliyevə təklif olunubmuş, ancaq sonuncu imtina edib. Həmin vaxt Q.Məmmədov KQB-də istintaq idarəsinin, H.Əliyev əks-kəşfiyyat idarəsinin rəisi olub. H.Əliyev hüquq təhsili almadığını deyərək respublika prokurorluğundan imtina edəndən sonra, Q.Məmmədov həmin vəzifəyə təyin olunub. Heydər Əliyevsə 1969-da 1-ci katib kürsüsünə gətirilib. Hərçənd Qambay Məmmədovun 2-ci Dünya müharibəsində Stalinqrad döyüşlərində iştirakı, qəhrəmanlıq göstərməsi onun üstünlüyü sayılırdı. SÜRGÜNDƏ? Qambay Məmmədovun məşhur çıxışından bir neçə gün sonra Gürcüstana, ordan Leninqrada getdiyi bildirilir. Bəzi məlumatlara görə, o, bir müddət Leninqrad şəhər Partiya Komitəsinin 1-ci katibi, o vaxtlar Heydər Əliyevlə kəskin münaqişədə olan Romanova sığınır. Qambay Məmmədov rus mətbuatına müsahibələrindən birində deyirdi ki, diabet xəstəsi olduğundan Bakıda onu nə gözlədiyini bilirdi. Çıxışından dərhal sonra insulin vurdurduğu xəstəxanaya ona tibbi xidmət göstərməyi qadağan edirlər. Bundan sonra iynələrini başqa yerdə vurdurub ölkəni tərk edir. Keçmiş prokuror 80-ci illərdə «Literaturnaya qazeta»ya şikayət göndərir, Azərbaycan rəhbərliyinin işinin araşdırılmasını istəyir. Ancaq Bakıya gələn komissiyalar heç nə tapmırlar. Komissiyanın rəhbəri gələcəkləri barədə məlumatı əvvəlcədən Heydər Əliyevə çatdırdığından, arxivlərdən onun haqqında materiallar yığışdırılır. Arkadi Vaksberq 1988-ci ildə «Literaturnaya qazeta»da həmin illərdə Qambay Məmmədovla Bakıda görüşdüyünü yazır. Yazır ki, Qambay artıq öz vətənində qorxmadan yaşayırdı, ancaq hələ də partiyada deyildi, xəstəhal görünsə də, döyüşçü əzmi qalırdı. 1990-da DEPUTATLIĞA NAMİZƏD Hüquqşünas Əyyub Kərimov deyir ki, 1990-cı ilin parlament seçkilərində Qambay Məmmədov namizədliyini Ağdamdan verib. «Ədalət» qəzetində şöbə müdiri işləyən Əyyub Kərimov Qambay Məmmədovun platforması çap olunmuş qəzet nüsxələri ilə rayona gedirmiş, elə qatarda da onunla rastlaşıb: «Qatarda mən Qambay Məmmədovdan soruşdum ki, niyə siz prokuror olduz? Siz o zaman başqa şöbənin işiylə bağlı istintaq aparmışdınızmı? O isə cavab vermirdi. Belə başa düşdüm ki, mübahisələri daha əvvəl olub». Dissident Nadir Ağayev də 1990-cı illərdə Bakı bulvarında Qambay Məmmədovla görüşünü xatırlayır. Onun dediyinə görə, keçmiş prokurorun dövrünün şişirdilmiş rəqəmlərindən narazılığı hələ də qalıbmış... Qambay Məmmədovun 1990-cı illərdə Bakıda vəfat etdiyini öyrənsək də, tarixini dəqiqləşdirə bilmədik. «QAMBAY» DEMƏK OLMAZ? Dissident Nadir Ağayev deyir ki, Qambay Məmmədov 1978-ci ildəki çıxışını məhz Leninqradın 1-ci katibi Romanova arxayın olduğu üçün edib. Əksər siyasətşünaslarsa bu fikirdədir ki, keçmiş prokuror sıradan adam olmayıb, ancaq ondan mif düzəltmək də lazım deyil. Bu yazını hazırlayarkən Qambay Məmmədovun Bakıda yaşayan yaxın qohumlarını, onunla vaxtilə bir yerdə işləmiş adamları tapdıq. Ancaq nə yaxın qohumları, nə də keçmiş həmkarları Q.Məmmədov barədə xatirələrini bölüşmək istəmədilər. Hətta onlar bircə dəfə də olsun «Qambay» sözünü işlətmədilər, sadəcə bu barədə danışmaqdan qəti imtina etdilər. Elə bil ki, onlara ya Qambay Məmmədov barədə danışmaq qadağan edilib, ya da özləri könüllü bundan imtina ediblər... Bəs siz necə, Qambay Məmmədov barədə bu yazılanlardan əlavə nə bilirsiz, bizimlə bölüşün. |