“Çerkizov” bazarında azərbaycanlıların kütləvi həbsi var?

Moskvadan - “Çerkizov” bazarından zəng etdiyini bildirən Məmməd Əkrəmoğlu adlı dinləyicimiz “Azadlıq” radiosuna bildirib ki, son iki gündə bazarda işləyən çox sayda azərbaycanlının həbs olunub. Onun dediyinə görə, bazara gələn milis həbs üçün heç bir səbəb demir.

Məmməd Əkrəmoğlu milisdə saxlanan azərbaycanlıların döyüldüyünü, onlardan iki-üç min ABŞ dolları pul istəndiyini bildirir.

Bu məlumatı hələlik başqa mənbələrdən, o cümlədən də Azərbaycanın Moskvadakı səfirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Moskvadakı “Çerkizov” bazarı azərbaycanlı iş adamı «AST» Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovun bazarı kimi tanınır. Bu yaxınlarda milyarderin Türkiyədə 1.4 milyard dollara başa gələn otelinin açılışından sonra Rusiya hakimiyyət dairələri onun münasibətlərinin korlandığı haqqında xəbərlər var.

Bundan dərhal sonra Rusiya televiziyası “Çerkizov” bazarında külli miqdarda qaçaqmal aşkar edildiyinə dair geniş bir reportaj da yayıb.