İsa Qəmbər: «Cəmiyyətin ayağa qalxacağı gün yaxınlaşır»

«Cəmiyyətdəki bu ifrat müdriklik Azərbaycan xalqına uzun əsrlərdi xasdır»

Müsavat Partiyasının başqanı İsa Qəmbər «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə müsahibə verib. Müsahibənin maraqlı məqamlarını təqdim edirik:

- İsa bəy, Azərbaycan cəmiyyəti bu gün müqavimət göstərmək gücündədirmi?

- Bunu öncədən demək olmaz. Müqavimət gücü elə spontan baş verir ki, heç kim onu gözləmir. Bu gün hər kəs üzərinə düşən işi etməlidir. Əgər avtoritar rejim vətəndaş cəmiyyətini daha da zəiflətmək, fəaliyyətini məhdudlaşdırmaq, hücumlarını çoxaltmaq siyasəti aparırsa, təbii ki, vətəndaş cəmiyyəti də üzərinə düşən işi yerinə yetirməlidir. Hazırda QHT-lərin müqavimət çağırışı tamamilə düzgündür. Biz bir partiya olaraq buna dəstəyimizi verəcəyik.

Etirazlar iki halda müsbət nəticə verə bilər. Birinci halda Azərbaycanda ağlı başında olan hakimiyyət olsa, ikinci halda isə, cəmiyyət bütöv ayağa qalxır, etiraz, müqavimət hərəkatını formalaşdırır. Əgər birincisi yoxdursa, ikinci baş verə bilərmi? Xalq - sosioloji sirrdir. Alimlər də deyə bilmirlər ki, nəyə görə zahirən xırda hadisəyə görə xalq ayağa qalxıb haqqını tələb edir, digər tərəfdən isə, böyük bir xalq illərlə avtoritar, totalitar rejimlərə dözürlər, haqsızlığa səbrlə tab gətirirlər və ümidlərini yalnız ağ atlı oğlana bağlayırlar. Bu sirrin cavabı hələ verilməyib.

Azərbaycanda vəziyyət hələ ki «bıçağın sümüyə dirənməsi» deyil. Belə olsaydı, ağrısından insanlar dayana bilməzdi və bu bıçaq sahibini məhv edərdi. Ancaq bunu gözləməyə də ehtiyac yoxdur. Zədələnməni gözləməyə dəyməz. Mənə elə gəlir ki, bir sıra əlamətlərdən də cəmiyyətin artıq müqavimət fikrinə gəlməsi, o səviyyədə olduğu görünür. Qorxu hissi tədricən arxa plana keçir. Narazılıq hissinin artması isə açıq-aydın hiss olunur. Mən bunu bir siyasətçi kimi hiss edirəm. Cəmiyyətin hərəkətə gələcəyi gün uzaqda deyil.

- Amma bəziləri deyir ki, artıq «xalqın etiraz etmək həvəsi və gücü qalmayıb». Nəzərə alsaq ki, sonuncu böyük etirazlar 2005-ci ildə olub, bu fikir doğru deyilmi?

- Yenidən elmə üz tutum. Türkiyədəki tanınmış seysmoloqlardan biri bəyan edib ki, «çoxdandı İstanbulda orta güclü zəlzələlər müşahidə olunmur, buna görə də mən narahatam ki, böyük zəlzələ olsun». Əgər 2005-ci ildən bu tərəfə cəmiyyətdə güclü hərəkət olmayıbsa, bu, heç də o demək deyil ki, cəmiyyətin gücü tükənib. Əksinə, cəmiyyətdə gücün toplanmasından xəbər verir. Ona görə də nə hakimiyyətdəkilər arxayınlaşmasınlar ki, cəmiyyət sakit görünür, nə də dəyişiklik arzusunda olan insanlar ruhdan düşməsin ki, guya cəmiyyətin gücü tükənib. Qətiyyən belə deyil.

Bizim insanımız həddindən artıq ağıllı, praqmatik adamdır. Hətta bəzi hallarda mənim istədiyimdən daha ağıllı və praqmatik. İnsanımız elə bil ki, uğur, qələbə günü yaxınlaşana qədər gücünü sərf etmək istəmir. Deyir ki, «tam arxayın olum ki, bu gün qalxsam, bu gün hərəkət etsəm, vəziyyəti dəyişə bilərəm. Həyatımı da, sağlamlığımı da, iş yerimi də təhlükə qarşısında qoyub müqavimət göstərəcəm». Və cəmiyyətdəki bu ifrat müdriklik Azərbaycan xalqına uzun əsrlərdi xasdır. Bu müdriklik cəmiyyəti bəzən gözləmə mövqeyinə sövq edir. Ancaq ayağa qalxmaq anının da düzgün diktə edilməsinə gətirib çıxarır. Hazırda bütün əlamətlər cəmiyyətin həmin o ana yaxınlaşdığından xəbər verir. Mən hakimiyyətdəkiləri qorxutmaq üçün demirəm. Özləri bilər. Ancaq həmin gün yaxınlaşır. Cəmiyyətin ayağa qalxacağı gün yaxınlaşır.

DİNLƏYİCİLƏRİN BƏZİ FİKİR VƏ SUALLARINA CAVABLAR:

- Azərbaycanda müxalifət yoxdur. Xalqı da irəli aparan yoxdur (imzasız)

- Mən buradayam. Mənim kimi də yüzlərlə, minlərlə fədakar insanlar var ki, irəli gedirlər və getməyə hazırdırlar. Vaxtaşırı da aksiyalarla cəmiyyəti fəallığa çağırırıq. Siz fikrinizə imzanı qoymursunuz, ancaq bizim haqqımızda deyirsiniz ki, «biz yoxuq». Bir az müqayisə edin (qəzəblənir).

- İsa bəy, niyə özünüzü vətən uğrunda həlak etmirsiniz? (imzasız)

- Bilsəm ki, özümü sabah Qız Qalasından atıb vətən uğrunda intihar etsəm, sən (ismarışı göndərəni nəzərdə tutur) ayağa qalxıb mübarizəni davam etdirəcəksən, burdan, «Azadlıq» radiosunda çıxıb gedib bunu edərəm. Ancaq mən sənə əmin deyiləm. Düşünürəm ki, mən gedəndən sonra, sənin gözün daha da qorxacaq.