«Burdakı bürokratiya bütün hüdudları aşır»

Dövlət Miqrasiya Xidməti

«Mən 60 günlük viza istəyirdim, amma nəyə görəsə 30 günlük verdilər. İndi vizanın vaxtını artırmaq lazımdır. Mən Xarici İşlər Nazirliyinə getdim, onlar məni Miqrasiya Xidmətinə göndərdi. Bunlarsa deyir ki, gedin, sabah səhər gəlin».

Kanadadan Bakıya qısa müddətli səfərə gələn Timurla Dövlət Miqrasiya Xidmətinin qarşısında rastlaşdım. Dövlət idarələrinin qapılarını gəzməkdən gileylənirdi:

«Başqa ölkələrdə də olmuşam, hər bir ölkədə bürokratiya var, amma burada bütün hüdudlar aşır...»

UŞAQ EVİNDƏ İNGİLİS DİLİNİ TƏDRİS EDƏN ƏCNƏBİ SAATLARLA NÖVBƏLƏRDƏ DURUR

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əcnəbi Xarici İşlər Nazirliyi, Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyinin ərazi polis orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapılarını tək-tək döyməli olur.

Azərbaycana əcnəbi gənclərin könüllülük prinsipi üzrə dəvəti ilə məşğul olan «Avropa tələbələr forumu Bakı» təşkilatının sədri Emin Əmrullayev da deyir ki, son aylar dəvət etdikləri şəxslər Azərbaycana gələndən sonra xeyli çətinliklərlə üzləşiblər:

«Əgər xarici vətəndaşın yaşamaq izni varsa, o niyə viza almalıdır. Əgər könüllü uşaq evində ingilis dilini öyrədirsə, o adam məcburdur saatlarla növbələrdə dursun, viza üçün cərimə ödəsin, Gürcüstana gedib 3-4 gün orada qalsın, 1 aydan sonra isə vizanın vaxtı bitəndə yenə harasa getsin. Konkret prosedura yoxdur ki, müraciət edən tərəf də ona əməl edib vizanı alsın».

ÇƏHRAYI RƏNGLİ ŞƏXSİYYƏT VƏSİQƏSI BƏZƏN QƏBUL EDİLMIR

Təxminən bir il əvvəl «Miqrasiya haqqında» qanuna əlavə və dəyişikliklər edilib. Bəzi ekspertlər hesab edir ki, yeniliklər Azərbaycana gələn immiqrantın hüquqlarını məhdudlaşdırıb. Əgər əvvəllər immiqrant öz ölkəsindəki Azərbaycan səfirliyinə müraciət edib, ölkəyə gəlmək icazəsi ala bilirdisə, indi vəziyyət fərqlidir. Əcnəbi şəxsən Azərbaycanın Miqrasiya Xidmətinə gəlib, müraciət etməlidir.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev deyir ki, digər bir problem isə Daxili İşlər Nazirliyinin xariciyə verdiyi çəhrayı rəngli şəxsiyyət vəsiqəsinin Miqrasiya Xidməti və ya digər orqanlar tərəfindən qəbul edilməməsidir:

«Təəssüflər olsun ki, Dövlət Miqrasiya Xidməti bəzən DİN tərəfindən verilən şəxsiyyət vəsiqəsini etibarlı hesab etmir. Bu, əsassız və qanunsuzdur. Həmin sənədin etibarsız hesab olunması barədə iddia edilə bilməz».

İYULUN 1-dən YENİ MİQRASİYA QAYDALARI QÜVVƏYƏ MİNİR

Dövlət Miqrasiya Xidmətinin qaynar xəttindən bildirdilər ki, vəsiqə ancaq vaxtı başa çatıbsa etibarsız sayılır. Və DİN-in verdiyi çəhrayı rəngli vəsiqənin uzadılması artıq polisin yox, Miqrasiya Xidmətinin işidir:

«Əgər əcnəbiyə yaşamaq üçün icazə verilibsə, o yaşayış yeri üzrə də qeydiyyata alınır, müvafiq vəsiqə ilə təmin olunur. İyulun 1-dən iş icazələri üçün sənədlərin qəbulu və bunun əsasında yaşayış yeri üzrə qeydiyyat və icazələrin verilməsi Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək».

İyulun 1-dən Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» sistemi işə düşür. Bu o deməkdir ki, əcnəbilər tək Dövlət Miqrasiya Xidmətinə müraciət etməklə viza problemlərini həll edə biləcəklər. İndi Azərbaycanda olan və ya gəlməyi planlaşdıranları da bir sual maraqlandırır - iyulun 1-dən sonra vəziyyət dəyişəcəkmi?