Magistraturaya yenidən qəbul aparılacaq

Ali məktəblərin magistratura pilləsində boş qalmış yerlərə yenidən qəbul aparılacaq. Məlumatı APA informasiya agentliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən yayıb. Hazırda 1617 magist yeri boşdur. Müsabiqəyə qatılmaq istəyən bakalavrlar iyulun 28-dən 30-dək ərizələrini sənəd qəbulu komissiyalarına təqdim etməlidirlər.

Müsabiqəyə yalnız iyunun 21-də keçirilmiş ikinci mərhələ üzrə test imtahanlarında iştirak etmiş bakalavrlar buraxılır. Boş qalan yerlərin siyahısına əsasən, ən çox vakant yerlər Azərbaycan Texniki Universiteti ilə Memarlıq və İnşaat Universitetindədir.