Azərbaycanın Londondakı səfirliyi qarşısında zəncirli etiraz

Azərbaycanın Londondakı səfirliyinin qarşısında zəncirli etiraz aksiyası

Azərbaycanın Londondakı səfirliyinin qarşısında zəncirli etiraz aksiyası

Londonda yerləşən Amnesty İnternational beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Iyunun 29-da yerli vaxtla gündüz saat 12-də səfirliyin qarşısına toplaşan təşkilatın fəalları “Eynulla Fətullayevi azad edin!”, “Azərbaycan mediasını zəncirləməyin!” kimi şuarlar səsləndiriblər.

Amnesty İnternationalın media bölümündən Stiv Ballinqer “Azadlıq” radiosuna bildirib ki, onlar həmçinin Eynulla Fətullayevin azad edilməsini tələb edən 4500-dən çox adamın imzasını səfirliyin əməkdaşlarına təqdim ediblər.

Bundan başqa, Amnesty İnternationalın fəalları həmin imzalar olan kağızlardan 270 metr uzunluğunda zəncir düzəldərək boyunlarına taxıb səfirliyin ətrafında dolaşıblar.

Eyni tələblərlə təşkilatın Berlindəki üzvləri də Azərbaycanın bu şəhərdəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

London, Amnesty İnternationalın bir qrup üzvü Azərbaycanın səfirliyi qarşısında etiraz aksiyası keçirir, 29 iyun 2009
Amnesty İnternationalın Cənubi Qafqaz və Orta Asiya üzrə kampaniya koordinatoru Zülfiyyə Abdullayeva “Azadlıq” radiosuna müsahibəsində deyib ki, bu, beynəlxalq səylərlə Azərbaycanla bağlı birdən-birə bir neçə ölkədə keçirilən ilk kampaniyalarıdır.

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Məhkəmə onu terrora çağırışda, vergidən yayınmaqda və milli ədavəti qızışdırmaqda ittiham edərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Beynəlxalq təşkilatlar Eynulla Fətullayevi vicdan məhbusu sayırlar. Onun vəkili Azərbaycan məhkəməsinin bu qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

Azərbaycanda Eynulla Fətullayevdən başqa “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov da həbsdədir.

İnsan haqlarını müdafiə təşkilatları xüsusilə Qənimət Zahidin yalnız hakimiyyətin ünvanına tənqidlərinə görə həbs olunduğunu bildirirlər.