Bakının magistral yollarında yerüstü keçidlərin quraşdırılması sakinlərin ürəyincə olsa da, bu sevinc çox çəkmədi. Artıq paytaxtın bir neçə yerüstü keçidində eskalatorlar işləmir. Bakının Ziya Bünyadov, Heydər Əliyev prospektlərindəki piyada keçidlərində eskalatorlar tez-tez dayanır. Piyadalar isə deyir ki, eskalatorların dayanması isti günlərdə narahatlıq yaradır. Eskalator, yoxsa pilləkən «Keçidi quraşdıranda çox sevinmişdim. Bu böyük yolu hardan gəldi, necə gəldi keçməklə həyatımızı təhlükəyə atırdıq. Ancaq eskalatorlar iki gündən bir dayanır. Keçidləri tikməklə iş bitmir ki, ona nəzarət də eləmək gərəkdir». Bu sözləri Ziya Bünyadov prospektində yaşayan 54 yaşlı Fərman Səlimov deyir. Piyada keçidi metal konstruksiyalardan quraşdırıldığına görə içərisi də çox istidir. Bu keçiddən gündə bir neçə dəfə istifadə edən Fəridə Məmmədova da onun dediklərini təsdiq edir: «Keçid metal konstruksiyadan hazırlanıb. İri şüşələrinə isə nəfəslik qoyulmayıb. Yayda gündüz saatlarında bura çox boğanaq olur. Təsəvvür edin ki, eskalator işləməyəndə bu yüksəkliyə çıxıb isti, havasız bir yerə düşürsən. Sanki sovetlər dövründəki kimi plan doldururlar. Bu ərazidə yaşayanlar bu keçidlə qarşı tərəfdəki parka gedirlər. Bu şəraitsizlik xüsusən yaşlı və uşaqlı piyadalar üçün çətin olur». Keçidlər niyə tez sıradan çıxır? İqtisadçı Zöhrab İsmayıl deyir ki, yol keçidlərinin istismara yararlılıq müddətinin az olacağı öncədən bəlli idi: «Bu obyektlər dövlət büdcəsindəki dövlət investisiya xərcləri hesabına tikilir. Özü də keyfiyyətsiz tikilir. Bu sahə üzrə ekspertlər yol qovşaqları tikilən zaman dəfələrlə bildirmişdilər ki, dövlət yalnız bu obyektlərin tikintisinə deyil, istismarına da vəsait ayırmalıdır. Bax, indi bu problem yaşanmaqdadır». Zöhrab İsmayılın fikrincə, bu məsələdə vətəndaşların üzərinə də vəzifə düşür: «Vətəndaşlar keçidləri özlərinin müxtəlif məzmunlu reklamları ilə «bəzəyirlər». Burada internet ünvanlarından mənzil kirayəsinə qədər bir xeyli reklama rast gəlmək olar. Polisin Post-Patrul Xidməti qayda pozan sürücülərə aman vermir. Ancaq yaddan çıxarırlar ki, piyadaların hərəkətlərinə nəzarət də onların vəzifəsidir». Bakıdakı bütün piyada keçidləri kimi, yerüstü keçidlər də Nəqliyyat Nazirliyinin balansındadır. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov mediaya açıqlamasında bildirir ki, nazirlik piyada keçidlərinin istismara yararlığına nəzarət edir. Təmirə ehtiyacı olan hissələr təmir edilir. N.Həsənov keçidlərdəki bir sıra qüsurları qəbul etsə də, problemlərin daha çox vətəndaşların məsuliyyətsizliyi üzündən yarandığı fikrindədir. |