«Başqa bir peşə bacarmadığım üçün bu işlə məşğulam»

Zamin Hacı

«Tanınmışlar» verilişinin budəfəki qonağı jurnalist Zamin Hacıdır. 1973-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində, ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib.

«MƏN BAŞQA BİR PEŞƏ BACARMADIĞIM ÜÇÜN BU İŞLƏ MƏŞĞULAM»

- İşləriniz necə gedir?

- Şəxsi işlərim həmişəki kimidir. Amma ümumən Azərbaycanın işləri yaxşı deyil. Lap elə qlobal götürsək, planetdə də vəziyyət yaxşı deyil. Donuz qripi, maliyyə böhranı və sair.

- Deməli, hər şey nədir?

- Deməli, hər şey problemlidir. Problemlər çoxdur.

- «Ac əsgərlər və kök generallar ordusu» yazısı nə verdi sizə?

- Onu mən 1998-ci ildə yazmışdım. Həmin yazının hesabına bir jurnalist kimi məşhurlaşdım. Həm də ölkənin çox böyük güc strukturlarından biri – Müdafiə Nazirliyi ilə kəllə-kəlləyə gəlmək şərəfinə nail oldum və bunun hesabına da əsgərliyə getdim. Əsgərlikdə isə Azərbaycan ordusunun nədən ibarət olduğunu, Azərbaycan xalqının, əsgərinin bir çox müsbət keyfiyyətlərini gördüm və böyük bir həyat təcrübəsi keçdim.

- Gündəlik də yazdınız.

- Bəli, gündəlik də yazdım və sonra onu «Avropa» qəzetində çap etdirdim.

- Nə demək istəyirsiniz bu yazılarınızla?

- Səmimi deyirəm ki, mən başqa bir peşə bacarmadığım üçün bu işlə məşğulam. Yəni balıq özünü suda hiss etdiyi kimi hiss elədiyim yeganə peşə publisistikadır. Artıq 4-5 ildir ki, reportaj yazmıram. Yəni burada özümü çox rahat hiss edirəm. O məşhur misalda deyildiyi kimi: «Sevdiyin işlə məşğulsan hələ üstəlik, buna görə sənə pul da verirlər».

«MƏN ONLARIN ÖLMƏSİNİ YOX, SAĞALMASINI İSTƏYİRƏM»

- Nə çatışmır yazılarınızda?

- Əslində, nə çatışıb-çatışmadığını oxucular deməlidir. Konkret hansı yazıda nə çatışmadığını deyə bilərəm. Yazılardakı zəif nöqtələri, harada «quş» buraxdığımı mən bilirəm. Elə vaxt olub ki, ayda 40-45 yazı yazmışam. O yazılardan təxminən 30-nu oxucular bəyənib, mənə təşəkkür məktubları da göndəriblər. Amma həmin 45-in içərisində elə yazı olub ki, onu mən tam ürəyimcə, bütün hisslərimi qoyaraq yazmışam, heç kim ona diqqət yetirməyib. Yəni demək istəyirəm ki, nə qədər paradoksal olsa da belə də olur.

- «Quş» dediniz, bayquş yadıma düşdü. Bayquşla sizi bağlayan nəsə varmı?

- Bayquş mənim çox sevdiyim canlıdır. Adından da göründüyü kimi, quşların bəyidir. Üstəlik də mən özüm təbiət etibarı ilə bayquş adamam. Yəni gecələr demək olar ki, yatmıram. Tanıyanlar da bilirlər ki, səhər saat 8-də, 9-da yatan adamam. O da ki, 3-4 saat, bəzən hətta 2 saat. Yəni bir bayquş gecə həyatı. Ona görə də bayquşla mənim aramda bir doğmalıq var.

- Elə şey var ki, ondan heç yazmamalısınız?

- Təbii. Özü də çoxdur. İçimizdə siyasi bir senzura var. Şəxsən mənim müraciət etmədiyim mövzular var. Həmin mövzulara belə münasibətin yaranmasında isə konkret hadisələrin rolu var. Məsələn, Elmar Hüseynovun qətlə yetirilməsi, başqa jurnalistlərin həbsi və s. Bunların hamısı ümumilikdə yaradıcılığa təsir edir. Belə ki, bu gün bu cümləni yazsam, sabah başqa fikirlərimi yazmaqdan məhrum ola bilirəmsə, mən bu məsələdə maksimalist deyiləm. Bəlkə də bir publisist olaraq bu mənim qüsurumdur. Publisist əslində bəlkə də maksimalist olmalıdır. Amma mənim üçün sabah da yazımın çıxması «ya hər şey, ya heç nə» prinsipindən daha önəmlidir.

- Yazılarınızda təhqir olur?

- 1994-cü ildən jurnalistika ilə məşğulam. İstər reportyor, istərsə də publisist kimi bir çox kəskin mövzularda yazmışam. Amma hələ indiyədək bir dəfə də olsun məhkəməyə verilməmişəm. Kəskin tənqidlər olub, amma başımla cavabdehəm ki, təhqir olmayıb. Mən təhqiri ümumiyyətlə xoşlamıram. Mənim bir prinsipim var: Elə yazmaq ki, hətta düşmənlərin də ondan zövq alsınlar. Çalışmaq lazımdır ki, düşmənlərin də səni sevsin. Düzdür, çətin məsələdir, amma yenə də…

- Bundan ötrü əvvəl düşmən qazanmaq lazımdır.

- Təbii. Razıyam.

- Çoxdur düşmən?

- Təbii, var. Əslində, mən özüm onları düşmən hesab etmirəm. Mən ümumiyyətlə kiməsə nə nifrət eləyirəm, nə də pis münasibət bəsləyirəm. Mən onların ölməsini yox, sağalmasını istəyirəm. Onlar da bizim xalqın övladıdır, bizimlə bir cəmiyyətdə yaşayırlar. O mənada heç kimi düşmən hesab eləmirəm. Amma indiyədək üzləşdiyim təzyiq və təqiblərdən hiss eləmişəm ki, məni özünə düşmən sayanlar var.

«KİMSƏ POSTMODERNİZMİ İMİTASİYA EDİR, KİMSƏ KİMİSƏ YAMSILAYIR»

- Deyirsiniz ki, Azərbaycanda mədəniyyət, ədəbiyyat və sair baxımdan dəyişiklik yoxdur. Bəlkə dəyişiklik, inkişaf var, sadəcə, siz orada yoxsunuz.

- Təbii. Bu da bir fikirdir. Amma mədəniyyət çox böyük anlayışdır. Rəhmətlik Arif Abdullazadənin misralarıdır səhv eləmirəmsə. Deyir: «Bu boyda əsr yanınızdan keçdi, görmədiniz». Şəxsən mən ortada bir şey görmürəm. Müxtəlif yazılar var, müxtəlif imitasiyalar var. Kimsə postmodernizmi imitasiya edir, kimsə kimisə yamsılayır. Kinoda, rəssamlıqda, lap elə ictimai həyatın özündə. Amma ümumilikdə mədəniyyətsizlik var Azərbaycanda. Bu, insanların davranışında da özünü göstərir. Küçəni keçməkdən tutmuş evdəki rəftara qədər hər şeydə. Azərbaycan xalqı ümumiyyətlə mədəniyyətsiz xalq deyil. İstedadlı adamları da var. Amma bunlar o qədər azalıb ki, ümumi fonda görünmürlər. Dərd orasındadır ki, mövcud təhsil sistemi, ölkədəki korrupsiya və sair biabırçılıqlar getdikcə məhv edir hər şeyi.

«ƏN ÇOX QORXDUĞUM ŞEY AĞLIMI İTİRMƏKDİR»

- Zamin bəy, sizin istedadınız var (təşəkkür edir). Bəs nəyiniz yoxdur?

- Çox şeyim yoxdur. Məsələn, musiqi alətində çala bilən adamlara, gözəl rəqs edə bilənlərə həsəd aparıram. Bir çox kitablar var ki, onları oxumamışam. Belə kitablarla rastlaşanda və ya kimdənsə eşidəndə özümü qınayıram ki, niyə indiyədək bu kitabı oxumamışam və çalışıram oxuyum. Bəlkə də sizə gülməli gələr, məsələn, ən böyük maraq göstərdiyim sahələrdən biri «Kvant fizikası»dır, amma mən ondan heç nə başa düşmürəm. Çünki bazam yoxdur. Yəni demək istəyirəm ki, bunlar bacarmadığım və çatışmayan cəhətlərdir.

- Nə vaxt ağlınız olmayıb?

- Həyatı dərk elədiyim vaxtdan, ən qorxduğum şey ağlımı itirmək olub. Həmişə düşünmüşəm ki, ağıl mənə verilən ən böyük nemətdir. Məndə belə bir qorxu var ki, birdən ağlımı itirərəm.

- Birdən yazmağa heç nə qalmadı…

- Azərbaycan kimi ölkələrdə yazmağa mövzu təəssüf ki, qurtarmır. Xüsusilə də bizim kimi tənqidçilər, publisistlər üçün. Və əfsuslar olsun ki, heç yaxın 100 ildə qurtaracağı da gözlənmir.