«Boz kardinal» sistemi dəyişməyə çağırışlar edir

Vladislav Surkov

RUSİYADAKI İNDİKİ HAKİMİYYƏT STRUKTURUNUN ARXİTEKTORU

ABŞ prezidenti Barak Obama Moskvada səfərdə olarkən Rusiyanın «boz kardinalı» Vladislav Surkov iki ölkə arasında əlaqələrin yenilənməsinə dair birgə komitənin həmsədri vəzifəsinə təyin olunub. O, Prezident Aparatı rəhbərinin birinci müavini olsa da Rusiyadakı indiki hakimiyyət strukturunun arxitektoru hesab olunur.

Rusiyada hesab edirlər ki, Vladimir Putinin prezidentliyi dövründən başlanan hakimiyyətin bir əldə cəmlənməsi, oliqarxların sıxışdırılması, müxalifətin dağıdılması planlarının əsas müəllifi bu 44 yaşlı «boz kardinaldır». Vladislav Surkov Kremlin «suveren demokratiya» tezisi ilə çıxış edən əsas ideoloqu sayılır.

10 İL MƏTBUATDAN QAÇAN SURKOV İNDİ FƏALLAŞIB

34 yaşında bu vəzifəyə təyin olunan Surkov vəzifədə olduğu son 10 ildə mətbuatdan qaçıb. Amma son vaxtlar fəal şəkildə ictimai çıxışlar edir.

Surkov bütün çıxışlarında bir fikri ortaya atır ki, hakimiyyətin indiki quruluşu köhnəlib, onun yenilənməsi, liberallaşması lazımdır. Müxalifət liderləri ilə barışdırıcı görüşlər keçirir, Dövlət Dumasında sistemin yenilənməsinə dair çıxışlar edir.

Bir yandan da onun ABŞ-Rusiya əlaqələrinin yenilənməsi üçün yaradılan komitənin həmsədri qoyulması müxalifəti və insan haqları qruplarını qəzəbləndirib. Onlar bildirirlər ki, indiki Kremlin əsas ideoloqu, indiki sistemin müəllifi olan bu adam indi demokratiya çağırışları ilə əslində cəmiyyəti aldatmaqla məşğuldur.

Moskvadakı Kornegi Mərkəzinin siyasi təhlilçisi Nikolay Petrov hesab edir ki, əslində Kremlin bu ideoloqu iqtisadi böhrana görə çətin vəziyyətə düşmüş hakim elitanı vəziyyətdən çıxarmağa çalışır. Çünki indiyə qədər Rusiyada bir çoxları iqtisadi rifah naminə demokratiyanın sıxışdırılmasına dözürdü.

İndi isə iqtisadi böhrana görə necə deyərlər, bu «sosial müqavilə» artıq pozulur. İndi isə böhran həmin arqumenti hökumətin əlindən alıb:

- Surkov bu siyasi sistemin arxitektorudur. İndi sistemin tikişləri sökülür. İqtisadi böhranın ardınca bu sökülmə prosesi başlayanda Surkov deyirdi ki, heç nəyi dəyişməyə ehtiyac yoxdur, hər şey öz yerinə dönəcək. Amma indi məlum olur ki, vəziyyət sabitləşmir və sistemə necəsə yeni don vermək lazımdır.

Rusiyada «Həmrəylik» müxalifət hərəkatının liderlərindən biri olan İlya Yaşin isə hesab edir ki, ümumiyyətlə, Vladislav Surkov Rusiya üçün təhlükəli adamdır:

- Surkov ölkədəki bütün siyasi və sosial prosesləri nəzarətdə saxlamağa çalışır. Bu, siyasətçi üçün olduqca təhlükəli xarakterdir. O, bizim ölkədə çox faciəli rol oynayıb. Son illər hakimiyyətin bir əldə cəmləşməsinə görə daha çox o, cavabdehdir. Məncə, o, hakimiyyətdən getsə, hamı bunu bayram edərdi.

Amma Vladislav Surkovun yeniləşmə və «yuxarıdan demokratikləşmə» planını bəyənənlər də var. Boris Yeltsinin vaxtında prezident administrasiyasına rəhbərlik etmiş Sergey Filatov bildirib ki, Surkov ağıllı adamdır, o, sistemin yavaş-yavaş dəyişdirilməsinə çalışır.

NEFT BİZNESİ VƏ ÇEÇEN KÖKÜ

Vladislav Surkov karyerasına neft biznesi ilə başlayıb. O, 1990-cı illərdə keçmiş neft zəngini Mixail Xodarkovskinin və oliqarx Mixail Fridmanın icraçı direktoru olub.

«Boz kardinal» adlandırılsa da Kremlin yekcins heyəti arasında ən çoxrəngli adam ola bilər. O, «Aqata Kristi» pop qrupu üçün iki albomun mətnini yazıb.

Vladislav Surkov dörd il əvvəl elan edib ki, atası çeçendir və uşaqlığını Çeçenistanda keçirib.

Bu məlumat yayılanda hətta Rusiya mətbuatında onun adının da dəyişdirildiyi yazılırdı. Mətbuatın iddiasına görə, onun adı əvvəlcə Aslambek Dudayev olub.

Valideynləri Çeçenistanı tərk edəndə uşaqlarının da adını slavyanlaşdıraraq Vladislav Surkov qoyublar.