Bosniyada matəm günüdü

Bosniyada matəm mərasimi keçirilir.

Bosniyadakı serb ordusu 14 il bundan əvvəl Serebrenitsa şəhərinə girərək 8 minə yaxın müsəlman kişi və oğlanı kütləvi güllələdi.

Bu İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük kütləvi qırğın hesab olunur və Haaqadakı Beynəlxalq Hərbi Trribunal bunu soyqrımı kimi tanıyıb.

Bu gün Serebrenitsadakı parkda müəyyən edilmiş daha 534 adamın qalıqları dəfn edilir.

2003-cü ildə salınmış bu xatirə parkında 3200-ə yaxın adamın qalığı dəfn olunub.

Həftənin sonlarında Xorvatiya və Çernoqoriya parlamentləri 11 iyulun anım günü kimi qeyd olunmasıyla bağlı qətnamə qəbul ediblər.

Amma Serbiyayla Bosniyada hələlik bununla bağlı rəsmi qərar qəbul olunmayıb.

Bosniya parlamenti bu həftə məsələni səsə qoysa da parlamentdəki serb deputatlar qətnamənin keçməsini əngəlləyiblər.