«Çerkizov» bazarı açılacaqmı?

«Çerkizov» bazarı iyulun 13-də açılmalıydı, amma açılmadı

Moskvada 15 gündən çox işsiz qalan yüzlərlə azərbaycanlı hələ də «Çerkizov» bazarından mallarını çıxara bilməyib. Azərbaycanlı Sahib İsmayılov deyir ki, onlar hər gün bazara ayaq döysələr də, oranın həndəvərinə də yaxın düşə bilmirlər:

- Həm bazarın gözətçiləri var, həm də milislər ətrafda keşik çəkirlər. Amma bəziləri rüşvət verib malını çıxarıb.

Sahib İsmayılov deyir ki, onun təxminən 10 min dollarlıq malı içəridə qalıb, amma heç bilmir ki, malının başına nə gəlib.

Moskvada çıxan «Yeni səs» qəzetinin əməkdaşı Tünzalə Vəliqızı deyir ki, bir çox azərbaycanlı onlara müraciət edib ki, bazarda nəinki malları, hətta pulları da qalıb:

- Bəzi vaxtlar onları miqrasiya xidmətinin əməkdaşları qanunsuz saxlayır, polis idarələrinə aparırlar. Orda da üstlərindəki pulları əllərindən alırlar. Ona görə də bazarda alver eləyənlər gün ərzində qazandıqlarını konteynerdə qoyub yalnız cib xərcliyi götürürlər. Bizə deyirlər ki, konteynerlərin qıfılını qırıb pulların oğurlanmasıyla bağlı onlara xəbər veriblər.

İCTİMAİ RƏY DƏYİŞİR?

«Çerkizov» bazarı iyulun 13-də açılmalıydı, amma açılmadı. Bazarda çalışan minlərlə adam isə ümidini üzmür. Tünzalə Vəliqızının sözlərinə görə, bu ümidə səbəb bazar qalmaqalıyla bağlı ilk gündən yaranan rəyin dəyişməsi olub:

- Rusiya mətbuatı yazır ki, bu qədər adam işsiz qalacaq. Yerlilər bazarın bağlanmağından narazılıq eləyirlər. Çünki Moskvada ən ucuz bazarıydı.

İctimai rəyin dəyişməsinin bazarın açılmasına təsir edəcəyinə inamlar olsa da, Tünzalə Vəliqızı deyir ki, yerli hökumət dairələrində qeyri-müəyyənlik yaranıb:

- İndi müzakirələr gedir ki, «Çerkizov» bazarının qalması paytaxta nə verəcək, bağlanması nə.

Amma Sahib İsmayılov «Çerkizov»dan əlini üzüb, başqa bazarlarda yer axtarır. O deyir ki, əslində, iki problemlə üzləşiblər, başqa bazarda satmağa mal yoxdur, malı çıxarsalar, satmağa bazar tapmaq çətin olacaq.

Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev isə deyir ki, problemi çözmək üçün onların heç bir imkanı yoxdur:

- Gedib onların malını çıxarası deyilik ki! Çıxış yolu odur ki, hökumət tərəfindən qərar olmalıdır. Hamı gözləyir ki, bu qərar nə olacaq.

ÇÖRƏYƏ MÖHTAC

Tünzalə Vəliqızı deyir ki, 15 gündən çox işsiz qalmaq yüzlərlə azərbaycanlının cibini boşaldıb:

- Adamlar var ki, başqasından çörəkpulu istəyir. Yəni bir çoxları artıq sözün hərfi mənasında çörəyə möhtacdırlar.

Tünzalə Vəliqızı deyir ki, Federal Miqrasiya Təşkilatı işsiz qalan miqrantlara pulsuz yemək versə də, bu aksiyanın ömrü bircə gün çəkib:

- «Bu antisanitariyadı» deyib yemək vermə aksiyasını dağıtdılar.

İşsiz qalan azərbaycanlılar vətənə qayıtmağı düşünürlərmi? Tünzalə Vəliqızı deyir ki, bu barədə fikirləşsələr də, qayıtmağa bilet pulları belə yoxdur.

Həliliksə, onlar gözləyirlər.