Azərbaycanda 170-dən çox gənclər təşkilatı var

«Dalğa» Gənclər Hərəkatının ayaqyalın aksiyası, 26 sentyabr 2007

Bir həftə əvvəl Gəncədə gənclər təşkilatlarının III Respublika sərgisi keçirilmişdi. Yayılan məlumatda bildirilirdi ki, sərgidə Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və başqa bölgələrdə fəaliyyət göstərən 60-a yaxın gənclər təşkilatı iştirak edir.

ÖLKƏDƏ 170-dən ÇOX GƏNCLƏR TƏŞKİLATI VARMIŞ

Gənclər və İdman Nazirliyinin məlumatına görə, indi Azərbaycanda 170-dən çox gənclər təşkilatı var. Onlardan 100-ü son üç ildə yaranıb.

Azərbaycandakı gənclər təşkilatlarının sayı çoxdur. Ancaq onlar çox az tanınırlar. Adətən seçkiqabağı dövrlərdə müxalifətə və iqtidara yaxın, eləcə də müstəqil təşkilatlar fəallıqlarını artırırlar.

Azərbaycandakı bütün siyasi partiyaların isə gənclər təşkilatları var.

SİYASİ PARTİYALARIN GƏNCLƏRİ

Azərbaycan Demokrat Partiyasının (ADP) Gənclər Təşkilatının sədr müavini Cəmil Hacıyev deyir ki, o və həmkarları əsl gənclik kimi yeniliklər haqda az qala gecə-gündüz düşünürlər. Onlar gənclərin şəbəkəsi kimi «Qaynar Xətt» yaratmaq istəyirlər ki, burada təkcə partiyalı gənclər yox, bütün gənclər birləşə bilsinlər.

Müsavat Partiyasının Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı isə deyir ki, siyasi düşərgələr gənclərin siyasi ambisiyalarını təmin edəcək qərarlar verməlidir:

«Məsələn, onların namizədliyi verilməli, irəli çəkilməlidirlər».

AXCP Gənclər Təşkilatında isə internet resurslarından daha çox istifadə etməyə üstünlük verirlər. Təşkilatın rəhbəri Əbülfəz Qurbanlı deyir ki, onlar indi seminar və treninqlərdə iştirak etməklə özlərini maarifləndirməyə üstünlük verirlər:

«İran və Moldovadakı son hadisələr göstərdi ki, internet, mübarizənin üsullarından biridir. İndi biz də buna üstünlük veririk».

Gün ərzində YAP-ın gənclər təşkilatıyla əlaqə saxlaya bilmədik.

MÜSTƏQİL OLDUQLARINI DEYƏN TƏŞKİLATLAR


Adətən gənclərin təhsil hüquqlarının pozulmasına, ya da mətbuat azadlığının boğulmasına qarşı aksiyalar keçirən «Dalğa» Gənclər Hərakatında isə düşünürlər ki, gənclər fəal hərəkət edə bilmirlər. Bu təşkilatda gənclər deyirlər ki, meydanları dardır, dar meydanda işləməksə çox çətindir.

«Stimul» Gənclər Təşkilatı isə uşaq evlərinə getməyi, müstəqil fikirləri yaymağı üstün tutur. Təşkilatın fəallarından olan Elçin Güləliyev deyir ki, məqsəd broşuralar, bukletlər yaymaqla daha çox gənci öz sıralarına cəlb etməkdir.

«Gənclərin Elmi Mədəni İnkişafı» adlı təşkilatda birləşənlər isə müxtəlif fikirli gəncləri bir masa arxasına toplayır. Təşkilatın rəhbəri Sərdar Yusifoğlunun sözlərinə görə, buna az-çox nail olurlar da. Diskussiyalarında iştirak edənlər isə tələbələr və gənc tədqiqatçılardır.

«Sağlam Düşüncə» adlı Gənclər Təşkilatı da maariflənməyə üstünlük verir. Təşklatın rəhbəri Ramiz Əliyev deyir ki, əsas işləri gənclərə hüquqi, siyasi, tibbi yardımlar göstərməkdir.

Bu təşkilatlarda deyirlər ki, onların maliyyə mənbələri üzvlük və həyata keçirdikləri layihələrdəndir.

HÖKUMƏTİN TƏŞKİLATLARI SAYILANLAR


Son seçkidə prezident İlham Əliyevi dəstəkləyən «İrəli» Gənclər Təşkilatı da maariflənməyə üstünlük verir. Təşkilatın mətbuat xidmətinin rəhbəri Aynur Həsənzadə deyir ki, Gənclər və İdman və Rabitə nazirlikləri ilə birlikdə gənclərin informasiya texnologiyaları biliklərini artırmaq üçün bölgələrdə işləyirlər. «İrəli» 2005-2008-ci illərdə İlham Əliyevin müdafiəsi ilə məşğul olub, hazırda isə qeyri-hökumət təşkilatı kimi çıxış edir.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində isə ölkədə fəaliyyət göstərən ali məktəblərin tələbələri birləşir. Onların sayı yüzlərlədir.

Belə fikir var ki, burdakı gənclərdən daha çox hökumətin toplantılarında, müxtəlif tədbirlərində istifadə olunur. Bu komitədə birləşən BDU-nun təmsilçisi Daşqın Qənbərov isə deyir ki, onlar ali məktəblərdə siyasi fəaliyyətlə məşğul olmurlar. Fəaliyyətləri daha çox sosial yönümlüdür. O ki qaldı təhsildən kənarda fəaliyyətlərinə, iqtidarı da, müxalifəti də dəstəkləməkdə azaddırlar.

GƏNCLƏRLƏ BAĞLI YENİ BİR TƏŞKİLAT


İyulun 8-də gənc fəallar Emin Milliylə Adnan Hacızadənin həbsindən sonra isə yeni bir gənclər təşkilatı - Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı yaranıb. Hərəkatın fəal üzvlərindən olan Ramin Hacılı deyir ki, hərəkatda lider, rəhbər yoxdur, hamı eyni statusdadır. Hərəkatın məqsədi isə gənclərin təhlükəsizliyi və azadlığına yönəlmiş cəhdlərə müqaviməti təşkil etməkdir.
Hərəkat Adnan Hacızadə və Emin Millinin həbsinə etiraz əlaməti olaraq bir sıra aksiyalar da hazırlayır ki, hələlik bu haqda ətraflı danışmaq istəmirlər.