«Rusiya Qarabağla bağlı aktivləşib»

Elmar Məmmədyarov münaqişənin dinc yolla çözüləcəyinə optimist yanaşır

«Rusiyanın prezidenti Dmtri Medvedevlə İlham Əliyevin təkbətək görüşündən sonra Qarabağ münaqişəsinin tənzimlənməsiylə bağlı bəzi ümidlər açıldı». Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirir ki, Qarabağla bağlı beş illik təcrübəsi onu deməyə imkan verir ki, danışıqlarda aktivləşmə var: «Biz hiss edirik ki, Medvedev öz təşəbbüsü ilə artıq detalları da müzakirə edir. Hiss olunur ki, hansısa irəliləyişə nail olmaq istəyirlər».

Məmmədyarov deyir ki, sentyabrın əvvəllərində həmsədrlərin regiona tək-tək, axırında isə birgə səfəri gözlənilir: «O vaxta qədər onlar hansısa prinpiplərin üzərində işləyəcəklər».

AVROPA BİRLİYİ İŞĞALDAKI TORPAQLARIN BƏRPASINA VƏSAİT AYIRA BİLƏR

Məmmədyarov deyir ki, İtaliyada həmsədr ölkələrin toplantısı da göstərdi ki, bu ölkələr Dağlıq Qarabağla bağlı status-kvonun qalmasında yox, hansısa irəliləyişin olmasında maraqlıdırlar, bu da müsbət haldır.

Xarici işlər naziri bildirir ki, indi tərəflər elan olunmuş prinsiplərin üzərində işləyirlər. Amma bəlli olan məqamlar da var:

«Bəllidir ki, əvvəlcə ermənilər qoşunlarını Azərbaycanın işğal olunmuş rayonlarından çıxarmalıdırlar. Bu, birmənalıdır. Bununla bağlı cədvəl müəyyən ediləcək. Daha sonra məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar. Amma bunun üçün əvvəlcə gərək yolları, kommunikasiyaları bərpa edək. Yolların bərpası təkcə Azərbaycanda yox, bütün regionda həyata keçirilməlidir. Belə bir fikir var ki, bu tədbirin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə donor konfransı keçirək».

Məmmədyarov deyir ki, burada mühüm olan bir məsələ də icmalar arasında kontaktların genişləndirilməsidir. Status məsələsi ilə bütün bunlardan sonra müzakirə ediləcək: «Moskva görüşündən əvvəl də demişik ki, biz gərək Dağlıq Qarabağın statusunu müəyyənləşdirək. Əlbəttə ki, Azərbaycanın ərazisi çərçivəsində yüksək formada muxtariyyətlə. Dağlıq Qarabağın hüquqi statussuz qalması düzgün deyil. Biz gərək azərbaycanlılar qayıdandan sonra status məsələsini müzakirə edək».