Heydər Əliyev Mərkəzinin tikintisinə pul yığılır

Heydər Əliyevin Bakıdakı abidəsi

Göyçay rayon mərkəzində Heydər Əliyev Mərkəzinin daxili imkanlar hesabına tikilməsi rayonda əməlli-başlı narazılıq yaradıb. Belə ki, buna görə sahibkarlardan, müəllimlərdən, həkimlərdən ucdantutma pul yığılır. Rayon məktəblərindən birinin müəllimi Vahid Kərimovun (ad şərtidir) «Azadlıq» radiosuna dediyinə görə, iş o yerə çatıb ki, məktəb süpürgəçilərinə də haqq qoyulub. Hər süpürgəçidən 7 manat, müəllimlərdən dərs saatına uyğun olaraq 20 manatdan 50 manata qədər pul toplanır. Sahibkarlardan istənilən məbləğ isə dövriyyələrinə uyğun olaraq 1000 manatdan 50 min manata qədərdir.

«Biz bütünlüklə müəllim ailəsiyik. Məndən almayıblar. Amma bizim ailədən qızlarımdan, qardaşım oğlundan müxtəlif məbləğlər istənilir. Qardaşım oğlu 20 manat artıq verib. Qızımın birindən 50, digərindən 12 manat istəyiblər, gəlinimdən 12 manat istəyiblər».

«MƏHƏBBƏTİN» DAXİLİ İMKANLARI

Vahid Kərimov deyir ki, təkcə müəllimlərdən yox, bütün idarə, müəssisələrdən belə pullar yığmağa başlayıblar. Pul vermək istəməyən isə işdən çıxarılmaqla və ya haqqında digər tədbir görüləcəyi ilə hədələnir.

Rayon icra başçısının birinci müavini Ramiz İbrahimov rayonun mərkəzində Heydər Əliyev adına Mərkəzin daxili imkanlar hesabına tikildiyini təsdiqləyir, amma müəllimlərdən, sahibkarlardan məcburi pul yığılmasıyla bağlı məlumatları yalan adlandırır. O, bu mərkəzin tikilmə təşəbbüsünün göyçaylılara məxsus olduğunu deyir.

«Bu, göyçaylıların ulu öndərə məhəbbətidir. Yığışıb məsləhətləşib təşəbbüs irəli sürüblər və indi də tikirlər. Məsələn bir sahibkar var, Feyruz İsayev, Belarusda işləyir. O, Heydər Əliyevin adını eşidən kimi rayonun mərkəzindəki 60 sot özəlləşdirilmiş torpaq sahəsini mərkəz üçün icra hakimiyyətinə bağışlayıb».

Ramiz İbrahimov deyir ki, bundan başqa rayonda imkanlı sahibkarlar var, onlar həmin mərkəzin tikintisinə müəyyən vəsaitlər ayırırlar. Ramiz İbrahimov həmin mərkəzin nə qədər vəsaitə başa gələcəyindən, smeta dəyərindən xəbərsiz olduğunu deyir.

PUL VERMƏYƏNLƏR BİR-İKİ AY ƏVVƏLKİ NÜMUNƏDƏN QORXURLAR

Sahibkar Rafiq Əhmədov (ad şərtidir) deyir ki, 10-15 gündür ki, belə pul yığma kampaniyası başlayıb. Büdcə təşkilatlarında çalışanlara, sahibkarlara hamıya kütləvi şəkildə haqq qoyulub ki, bu qədər verməlidir.

«Faktlar həqiqətdir. Hamı bu işin əleyhinədir ki, insanları, sahibkarları müəllimləri belə incitmək olmaz. Təxminən bank müdirlərindən və iri idarə müdirlərindən 50 min, hətta səhiyyə şöbələrindən 120 min manat pul istənildiyi barədə məlumatlar var. İcra nümayəndələrindən 5-10 min manat pul istənilir. Verməyənləri də qorxudur. Yuxarılara minlərlə şikayət gedib, həmin şikayətlər də icra hakimiyyətinə göndərilir ki, tədbir görülsün. Harada müraciət edirik baxan yoxdur. Deyiləsi məsələ deyil, sanki Göyçay rayonu xəritədə yoxdur».

Sahibkar deyir ki, onların vergi və polis kimi qorxduğu yerlər var. O misal olaraq bir müddət əvvəl rayonda bir sahibkarın həbsini xatırladır.

«Bir neçə ay bundan əvvəl eşitdik ki rayonda öz mehmanxanasında sahibkarı necə tutdular. Düzdür sonra onu buraxdılar. Bu o biri sahibkarlara da dərs olur ki, siz rayonda dövlətin məmurları ilə mübarizə apara bilməzsiniz».

Sahibkar Çingiz Mayılov təxminən iki ay əvvəl həbs edilmişdi. Onun ailə üzvləri Bakıda etiraz aksiyası keçirmişdilər və bildirmişdilər ki, rayon polisi ondan hər ay 2500 manat haqq verməsini istəyib o buna razı olmayıb və həbs edilib. Rayon polisi isə bunu təkzib edirdi, deyirdi o polisə müqavimət göstərdiyinə görə həbs edilib.

50 MİN MANAT VERMƏDİYİ ÜÇÜN «KÖNÜLLÜ» İŞDƏN ÇIXANLAR

Rafiq Əhmədov deyir ki, artıq istənilən 50 min manatı vermədiyi üçün rayondakı büdcə təşkilatlarından iki nəfər məcbur edilib və onlar ərizə yazaraq işdən çıxıblar.

«Demokratiyanın İnkişafına Kömək» İctimai Birliyinin sədri Vidadi İsgəndərov Göyçayda müəllim və sahibkarların şikayətlərini araşdırmaq üçün rayonda olub. Deyir hələ sahibkarlar və büdcə təşkilatlarında işləyənlər üzləşdikləri problemlərin çoxunu açıqlamırlar. Hüquq müdafiəçisi deyir ki, o, pul istənilən icra nümayəndələri, bələdiyyə sədrləri, müəllimlər və iş adamlarının bir neçəsilə görüşüb və məlum olub ki, əslində əvvəllər də müxtəlif məqsədlər üçün pul yığılırmış. Amma onda kimin nəyə gücü çatırmış onu verirmiş. İndisə konkret məbləğ qoyulub. Vidadi İsgəndərov deyir ki, elə bələdiyyə sədri var ki, istənilən məbləği vermək üçün evindəki qızıl əşyalarını, mal qarasını satmağa başlayıb.

«Əgər könüllü olsaydı kimsə, hansısa sahibkar bu mərkəzin tikilməsinə pul ayırardı, amma konkret məbləğlər istənilməsi üsyana səbəb olub. Özü də bu üsyanı müəllimlər başlayıb».

YARISI İŞSİZ OLAN RAYONDA HƏR ŞEY DAXİLİ İMKANLAR HESABINA NECƏ GÖRÜLÜR?

Hüquq müdafiəçisi bu sualı qaldırır:

«Bilirsiz, burda böyük bir cinayət baş verir. Büdcədən ayrılan pul mənimsənilir və sonradan həmin pullar sahibkarlardan və büdcə təşkilatlarında işləyənlərdən yığılan pullar hesabına tikinti işləri aparırlar. Heydər Əliyev adına bir seyrangahı rayona təyin edilən üç icra başçısı söküb öz istədiyi kimi tikib. Biri əvvəl döşənən qırmızı piltələri sökdürüb qara piltə döşədir, o biri gəlir, pul yemək üçün başqa bir iş görür».

Hüquq müdafiəçisi deyir ki, onda olan məlumatlara görə, həmin mərkəzin tikintisinə rayonun hüquq-mühafizə orqanlarından da xeyli pullar alınıb.

Yaranmış vəziyyətlə bağlı prezidentə müraciət edən Vidadi İsgəndərov inanmır ki, Heydər Əliyev Mərkəzi təmizlik işçilərinin az məvacibinə möhtac qalsın. O, baş verənləri ölkə rəhbərliyinə qarşı təxribat sayır.

Parlamentin iqtisadi siyasət komissiyasından öyrəndik ki, büdcədən bölgələrdə Heydər Əliyev Mərkəzlərin tikintisinə pul nəzərdə tutulmur. Ölkə başçısı isə regionlara səfəri zamanı öz ehtiyat fondundan həmin bölgənin quruculuq, abadlıq işlərinə vəsait ayırır. Rayon icra başçıları isə bu vəsaiti Heydər Əliyev Mərkəzlərinin tikintisinə sərf etməyə daha çox meyl göstərirlər.