«Hakimiyyət doğru danışsa belə, cəmiyyət ona artıq laqeyddir»

Erkin Qədirli

Amerikalı siyasətşünas Bryus Cilli «The Right to Rule» kitabında Azərbaycanı postsovet məkanda hakimiyyət legitimliyinin ən yüksək dərəcəsində malik olan ölkə kimi göstərib. Siyahıda Azərbaycan Çexiyanı, ümumi reytinqdə isə 9-cu pillədə olaraq Almaniya və Belçika kimi ölkələri üstələyir.

Bu aspektə skeptik yanaşan Respublikaçı Alternativ (ReAl) Birliyinin həmtəsisçisi, hüquqşünas Erkin Qədirli fikirlərini «Azadlıq» Radiosunun «İşdən Sonra» proqramına bildirib. O, əvvəlcə legitimlik anlayışının bir-neçə variantdan ibarət olduğunu dedi:

- Əslində legitimlik 3 cür olur: ənənəvi, xarizmatik və şəxsiyyətsizləşmiş. İlk ikisi irrasionaldır və avtoritar rejimlərdə olur. Sonuncusu isə demokratik siyasi quruluşu olan dövlətlərdə işlənilir. Əgər ictimaiyyət ölkənin siyasi həyatında iştirak etmirsə, onda hakimiyyəti legitim deyil. Hüquqi baxımından «legitimlik» leqallığın tam anlamını vermir.

- Legitimlik dərəcəsini seçkilərdə əldə olunan nəticələrlə ölçmək olarmı? Rəqəmlər əsasdırmı?

- Əsla, rəqəmli yanaşma legitimliyə heç bir fayda vermir. Bu rəqəmlərlə ölçülmür. Prosesdə iştirakçılıq daha çox vacibdir. Cəmiyyətin sakitliyi hələ o demək deyil ki, vətəndaşlar hakimiyyətlə razıdır və bütün qərarlarını qəbul edir. Legitimliyin müəyyənləşməsində ən uğursuz yanaşma əhalinin etiraz etməməyi baxımından olan yanaşmadır. Şəxsi münasibətlərdə də belədir. Kimsə kiməsə etiraz etmirsə bu o demək deyil ki, onunla razıdır.

- Bəs legitimlik hakimiyyətə niyə lazımdır?

- Özünü tanıtmaq üçün. Kimliyi müəyyənləşdirmək üçün. Azərbaycanda biz nə görürük? Görürük ki, hər yerdə, hazırkı prezident də o cümlədən, indiki iqtidarının tanıtmasını Heydər Əliyevin siyasətinin davamçısı kimi edir, hər yerdə tanıtdırır, bunu da mərasimləşdirir. Heykəllər, büstlər, küçələrin adları, meydanların adları və sair. Bu, Sovet zamanı Lenini bütləşdirilməsi prosesinə oxşayır. Sovet hakimiyyəti də özünü hanasısa dahi qurucunun müəyyənləşdirdiyi siyasətinin davametdiricisi kimi tanıtdırırdı. İndi isə sadəcə adlar fərqlidir.

Bu onu göstərir ki, hazırkı iqtidarın ideoloji boşluğu var. İdeoloji proqramların cəmiyyətə təqdim edə bilmirlər. İndiki iqtidarın özünü legitimləşdirilməsi qanunçuluq yolu ilə deyil, daha çox Heydər Əliyevin siyasətinin davamedicisi kimi edilir – «Böyük Lider», «Ulu Öndər». Burada nə qanuna, nə beynəlxalq münasibətlərə əhəmiyyət verilir. Yəni, irrasional legitimlik.

- İrrasional legitimliyin dövlət içində təhlükəsi nədir? Hakimiyyət-cəmiyyət münasibətlərinə zərbə vururmu?

- Əgər eyniməzmunlu məlumat, «propaqanda» davamlı olaraq təlqin olunursa, ona artıq əhəmiyyət verən az olur. Çünki, ən azı bezdirici olur.

Burada yadıma məşhur Sovet lətifəsi düşür. «Lenin cümələri» olurdu. Lətifələr qəhrəmanı Rabinoviç bir-neçə həftə hansısa iclaslara gəlmirdi. Partkom onu çağırır, deyir «bəs, Rabinoviç, niyə «Lenin cümə»lərinə gəlmirsən?». O da deyir ki, «bəs Siz özünüz demirsiniz ki, Lenin siyasəti və ideologiyası əbədidir?». Partkom deyir: «Əlbəttə, əlbəttə! Bu nə sözdür?». Rabinoviç də cavab verir ki: «Onda vaxtım var da, gələrəm. Haraya tələsirsiniz?»

Yəni, belə vəziyyət yaranır ki, hakimiyyətin doğru sözü belə olanda, cəmiyyətdə ona artıq laqeyd yanaşırlar. Hakimiyyətlə cəmiyyət arasında isə münasibətlər kəsilir.