Xırda pulların böyük problemi

Azərbaycan ərazisində ölkə valyutasının bütün nominalları eyni hüquqi qüvvəyə malikdir və ödəmə üçün yaralıdır
«Sizin yanınızda girək istənilən mağazaya, 1, 3 qəpik verim gör nə deyəcəklər. Deyəcəklər biz bunu neynirik? Mən neçə dəfə marşrutda yol pulumu beş qəpiklə vermişəm, sürücü gileylənir».

Bir neçə gün əvvəl isə avtobus sürücülərindən biri ona 1, 3 və 5 qəpikliklər verən yaşlı sərnişini məzəmmət edib pulları da pəncərədən yola tulladığına şahid olduq. Artıq Bakıda bir sıra iri super marketləri çıxsaq xırda qəpikləri heç yerdə götürmürlər.

SATICILAR DA XIRDA PUL GÖTÜRMÜRLƏR

Bakının Cəfər Cabbarlı küçəsindəki 5-6 ərzaq mağazasından yalnız birində xırda pulları götürdüklərini deyirlər. Qalan mağazalarsa açıq şəkildə 1 və 3 qəpikləri imtina etdiklərini etiraf edirlər.

«Azadlıq» radiosunun elektron poçtuna məktub göndərən bir dinləyici təəccüblənərək yazır ki, o xeyli xırda pulu svetoforda ona yaxınlaşan bir dilənçiyə verib, o isə «bu nə puldur mənə verirsən, onu heç yerdə götürmürlər» deyərək ona pul verən vətəndaşa narazılığını gizlətməyib.

Dinləyici xatırladır ki, vaxtilə Sovet dövründə bir müddət yığdığı xırda pullara özünə kamera alıb.

Mərkəzi Bankdan «Azadlıq» radiosuna deyirlər ki, onlarda xırda pulların qəbul edilməməyi barədə hər hansı məlumat yoxdur.

İQTİSADÇILAR BUNU İNFLYASİYA HESAB EDİR

İqtisadçı Samir Talıblı yaranmış vəziyyəti inflyasiya ilə əlaqələndirir və hesab edir ki, bu, aşağı nominallı pulların dövriyyədən çıxmasına aparır.

«Hələ təzə əsginaslar dövriyyəyə buraxılmamış, o vaxtkı 50, 100, hətta 250 manatlıqlar da tədavüldə yox idi».

Samir Talıblı hesab edir ki, bu vəziyyətin aradan qaldırılması üçün Mərkəzi Bankın geniş imkanları var və bank yaranmış vəziyyətlə bağlı tələb şəklində bəyanat verə bilər ki, ticarət obyektlərində, xidmət sahələrində xırda pullar istisnasız olaraq qəbul olunmalıdır:

«Bununla bazarı tənzimləmək olar. Əgər Mərkəzi Bank öz bəyanatını versə və eyni vaxtda kommersiya banklarına göstəriş versə ki, 1 və 3 qəpiklikləri götürməyə onlar borcludurlar, bəlkə də, bu, vəziyyəti tənzimləyər».

İqtisadçı deyir ki, bir çox ticarət və xidmət sahələri xırda pulları saymaq və yığmaq problemlərinə görə onları rədd edir və özlərini çətinə salmırlar. O düşünür ki, iri mağazalarla əməkdaşlıq edən bəzi banklar 1 və 3 qəpikliklərin qəbulundan imtina etdikləri üçün belə bir vəziyyət yaranıb.

1 QƏPİKLƏ MİLYONÇU OLMAQ OLAR

Ticarət obyektlərinin, avtobus sürücülərinin xırda pulları götürməməyi hüquqi məsuliyyət daşıyır. Hüquqşünas Sadiq Bağırov belə deyir:

«Bu, qanun pozuntusudur. Çünki Azərbaycan ərazisində ölkə valyutasının bütün nominalları eyni hüquqi qüvvəyə malikdir və ödəmə üçün yaralıdır».

Hüquqşünasa görə, Valyuta Tənzimlənməsi Haqqında Qanunun 4-cü maddəsinə əsasən, vətəndaş hər hansı müqavilə və əqdi ölkə valyutasının istənilən növüylə bağlaya bilər. Sadiq Bağırov deyir ki, belə problemlə üzləşən istənilən vətəndaş məhkəməyə müraciət edə və buna görə kompensasiya tələb edə bilər.