Gültəkin Hacıbəyli Andreas Herkeli qərəzli olmaqda ittiham etdi

«Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel tərəfindən ölkəmiz haqqında qərəzli fikirlərin səsləndirilməsi birinci dəfə deyil. Ümumiyyətlə, bu təşkilatın bəzi təmsilçiləri vaxtaşırı olaraq Azərbaycanla bağlı qeyri-obyektiv fikirlər səsləndirirlər». Bu sözləri yap.org.az saytına Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli deyib.

G.Hacıbəyli A.Herkelin Azərbaycanda siyasi və mətbuat azadlıqları ilə bağlı tənqidləri ilə razılaşmayaraq qeyd edib ki, AŞ PA-da ölkələrə qeyri-obyektiv münasibət özünü hələ də göstərməkdədir. Onun sözlərinə görə, Azərbaycanda siyasi plüralizm və mətbuat azadlığı tam mövcuddur. Xüsusilə son illər mətbuatın inkişafına daha çox diqqət yetirir.

Andreas Herkel Avstriyanın «Der Standart» qəzetinə müsahibəsində bildirib ki, neft və qaz biznesi Azərbaycanda dövlət hakimiyyətini ancaq gücləndirib. İki gənc fəalın həbsi kimi son hadisələr isə bu güclənmənin siyasi azadlıqlar hesabına baş verdiyini deməyə əsas verir.