Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunan A/H1N1 virusuna yoluxmuş xəstə avqustun 1-də evə buraxılıb. Bu barədə «Azadlıq» radiosuna İnstitutun baş həkimi Xəyyam Məmmədov məlumat verib. «Xəstənin vəziyyəti olduqca yaxşıdır, hərarəti yoxdur, tam sağalıb». X. Məmmədov deyir ki, xəstənin ev şəraitində nəzarət altında saxlanmasına da heç bir ehtiyac yoxdur. Azərbaycanda A\H1N1 virusuna iki nəfər yoluxub. Onlardan birinin İngiltərə, digərinin isə Fransadan gəldikdən sonra virusa yoluxduğu aşkarlanıb. Hazırda digər xəstə - 15 yaşlı uşaq isə 7 saylı Uşaq Yoluxucu Xəstəxanasındadır. Səhiyyə Nazirliyindən onun da vəziyyətinin yaxşı olduğu, yaxın günlərdə evə buraxılacağı deyilir. |