Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri gözlənilir. Avqustun birinci ongünlüyündə nəzərdə tutulan səfərdə dövlət başçısı bir sıra obyektlərin açılışında iştirak edəcək. Muxtar Respublikada qarşılama mərasiminə hazırlıqlarda artıq son tamamlanma işləri aparılır. Yollar yuyulub təmizlənir, yeni açılacaq obyektlər açılışa hazır vəziyyətə gətirilir. Bu obyektlər sırasına yenidən təmir edilən Heydər Əliyev adına mədəniyyət sarayı, yeni tikilən doğum mərkəzi, «Gəmiqaya» MMC nəzdindəki «Badamlı» zavodu, avtovağzal, məktəb və yollar daxildir. Prezidenti qarşılamağa rayon və kəndlərdə də ciddi hazırlaşırlar. Məlumatlara görə, şikayəti olan insanlar artıq nəzarətə götürülüb. Onların prezidentə şikayətlərinin qarşısının alınması tapşırığı verilib. Bölgədəki hüquq-mühafizə orqanları artıq gücləndirilmiş iş rejiminə keçib. Səfər zamanı ölkə başçısının MR Ali Məclisində yerli məmurlarla müşavirə keçirəcəyi də bildirilir. |