Ağstafanı sel basıb. Ölən və yaralananlar var

Ağstafa İcra Hakimiyyəti başçısının köməkçisi Kənan İbrahimov sel nəticəsində mal-qaranın tələf olduğunu da deyir

Avqustun 4-nə keçən gecə Ağstafanın Dağkəsəmən kəndini basan sel bir nəfərin ölümünə, iki adamın yaralanmasına səbəb olub. Məlumatı «Azadlıq» radiosuna Ağstafa Rayon İcra hakimiyyətindən veriblər.

Seldə boğulan 60 yaşlarında olan qadının meyiti evindən bir qədər aralıda tapılıb. Yaralanmış kənd sakinləri isə xəstəxanaya çatdırılıb və onların vəziyyəti normaldır.

Ağstafa İcra Hakimiyyəti başçısının köməkçisi Kənan İbrahimov sel nəticəsində mal-qaranın tələf olduğunu da deyir:

«Sel səhər saatlarında səngiyib, yağış da kəsib. Rayonun ətraf kəndlərinə də ziyan dəyib. Amma ən ciddi zərər Ağstafaya və Dağkəsəmən kəndinə dəyib. İndi selin vurduğu ziyan aradan qaldırılır».