Nazirlik gənc fəalların həbsi ilə bağlı müraciətə cavab verib

Azərbaycan vətəndaşı Kənan Aslanlı gənc fəallar Adnan Hacızadə və Emil Millinin həbsiylə bağlı Daxili İşlər Nazirliyinə göndərdiyi sorğu-müraciətə cavab alıb.

Kənan Aslanlı «Azadlıq» radiosuna deyir ki, həbs edilən gəncləri qiyabi tanısa da, onların həbsindən narazı qalıb və öz münasibətini nazirliyə göndərdiyi sorğuda yazıb: «Nazir Ramil Usubovun adına göndərdiyim elektron sorğu-müraciət də sivil etiraz formasıdır, həm də bilmək istəyirdim ki, reaksiya varmı?»

DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Habil Əlişanovun imzasıyla Kənan Aslanlının elektron ünvanına gələn cavab məktubunda deyilir ki, gənclər barəsində araşdırmanın obyektiv aparılmaması ilə bağlı «Elektron poçt» vasitəsilə DİN-ə müraciətinizə Baş İstintaq və Təhqiqat idarəsində baxılıb. Cavab məktubunda nazirliyin Adnan Hacızadə və Emil Millinin həbsiylə bağlı rəsmi mövqeyi göstərilir və ardınca da əlavə edilir ki, Kənan Aslanlının müraciəti cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilib.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunublar. Onlar xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamını əsassız sayırlar.