Daha iki azərbaycanlı «talibançı»nın məhkəməsi başladı

Pakistanda Taliban döyüşçüləri, 11 aprel 2009

Avqustun 12-də Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmələr tərkibində fəaliyyət göstərməkdə təqsirləndirilən daha iki nəfərin məhkəməsi başlayıb. Proses hakim Eldar Mikayılovun sədrliyi ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə gedir.

İttiham aktında deyilir ki, təqsirləndirilən şəxslər Vüqar Hüseynov və Rauf Abdullayev 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə təlimlər keçiblər. Həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı bir neçə ay döyüşəndən sonra Azərbaycana qayıdıblar.

Bu ilin yanvarında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıblar.

Məhkəmədə ifadə verən hər iki təqsirləndirilən şəxs bildirib ki, qeyd olunan ölkələrə müsəlman qardaşlarına kömək etmək üçün gediblər. Lakin sonradan fikirlərindən daşınaraq geri qayıdıblar.

Hər iki şəxs Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilirlər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə eyni ittihamlarla daha 13 nəfərin məhkəməsi davam edir.