Gəncədə seçicilərin şikayətlərinə baxılacaq

Bələdiyyə seçkiləri ərəfəsində Gəncə şəhərində fəaliyyətə başlayan «Seçki şikayətləri ədalətli seçkilərin əsası kimi» adlı layihə Marshall Fondunun dəstəyi ilə həyata keçirilir.

«Hüquq və İnkişaf» İçtimai Birliyinin Gəncə koordinatorluğu bələdiyyə seçkilərində bu layihə əsasında seçki şikayətlərinə bilavasitə hüquqi yardım göstərəcək. Layihə ümumilikdə Azərbaycanın 5 bölgəsində həyata keçirilir.

Birlikdən əldə etdiyimiz məlumata görə, layihənin məqsədi seçki kampaniyası zamanı bütün seçki subyektlərinə yardımçı olmaqdır. Belə ki, Mərkəzi Seçki Komissiyasına, Dairə Seçki Komissiyalarına seçki subyektləri (seçicilər, namizədlər və s.) tərəfindən ünvanlanan şikayətlər sözügedən layihə əsasında hazırlanaraq onların müvafiq ünvanlara göndərilməsi təmin olunacaq.

Yerlərdə həyata keçirilən layihənin partnyoru «Demokratiyanı Öyrətmə» İçtimai Birliyidir.