Metroya bomba qoyulması barədə yalan məlumat verən şəxs həbs edilib

Əməliyyat nəticəsində müəyyənləşib ki, anonim telefon zəngi paytaxtın «Azadlıq» prospektində yerləşən taksofonların birindən edilib

Bakıda metroya bomba qoyulması barədə polisə yalan məlumat verən şəxs həbs edilib. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Əməliyyat nəticəsində müəyyənləşib ki, anonim telefon zəngi paytaxtın «Azadlıq» prospektində yerləşən taksofonların birindən edilib.

Axtarış tədbirləri nəticəsində anonim zəngin müəllifi, 1991-ci il təvəllüdlü Şakir Arzu oğlu Allahverdiyev tutulub. Onun ruhi xəstə olduğu bildirilir.

Avqustun 12-i saat 16.30 radələrində Daxili İşlər Nazirliyinin «102» zəng xidmətinə metronun «Gənclik» stansiyasına bomba qoyulması barədə məlumat daxil olub.

Metroda axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb.