Əhmədinejat yeni hökumətini təqdim edib

İran prezidenti Mahmud Əhmədinejat yeni kabinetini parlamentə təqdim edib. Rəsmi «İSNA» agentliyi bildirib ki, 21 nəfərlik hökumətin siyahısı avqustun 19-da axşam saatlarında açıqlanıb.

Deputatlar avqustun 30-u siyahı üzrə səsverməyə kimi Əhmədinejatın təklifini nəzərdən keçirməlidirlər.

Gözlənildiyi kimi Manuçöhr Mottakinin XİN vəzifəsində qalması təklif olunub. Daha 3 qadının isə təhsil, səhiyyə və sosial təminat nazirləri postuna təyinatları irəli sürülüb.

Siyahı təsdiqlənərsə, onlar 1979-cu il İslam İnqilabından bu yana İranın ilk qadın nazirlər olacaqlar.

Ehtimal olunur ki, mübahisəli prezident seçkilərindən sonra küçə etirazları və siyasi qarışıqlığın ardınca, ağır qanad tərəfdarlarının təsdiqlənməsi ilə bağlı mübahisələr olacaq.