Öz əcəli ilə ölən birinci məşhur Kennedi

Edvard Kennedi 1964-cü ildə təyyarə qəzasından yalnız təsadüf nəticəsində salamat çıxa bildi

«Mənim qardaşımın ideallaşdırılmağa ehtiyacı yoxdur. Ölümündən sonra onu həyatında olduğundan böyük göstərilməyə də ehtiyacı yoxdur. O sadəcə yaxşı bir adam kimi yadda qalacaq.

O səhv görəndə nəyin düz olduğunu deyirdi, səhv görəndə bunu düzəltməyə çalışırdı, müharibə görəndə dayandırmaq istəyirdi».

Kennedi qardaşları Ağ Evdə. Prezident Con Kennedi (sağda), Robert və Edvard, avqust 1963
Bunu Edvard Kennedi 1968-ci ildə qardaşı Robert Kennedinin dəfnində deyirdi.

Bu sözlər yəqin Edvard Kennedinin özü haqda da deyilə bilər.

Senator Edvard Kennedi 77 yaşında beyin xərçəngindən vəfat edib.

Bu, Kennedilər ailəsi üçün nə qədər qəmli olsa da, ancaq ilk dəfədir ki, Amerikanın məşhur Kennedi qardaşlarından biri öz əcəli ilə ölür.

Edvardın böyük qardaşı Cozef 29 yaşında İkinci dünya müharibəsində həlak olub.
Amerika prezidenti olan Conu 1963-cü ildə 46 yaşında öldürdülər.

Prezidentliyə namizəd olan Robert isə 1968-ci ildə öldürüləndə onun 42 yaşı var idi.

Ailədə 4 qardaşdan ən kiçiyi olan Edvard Kennedinin özü də 1964-cü ildə təyyarə qəzasından yalnız təsadüf nəticəsində salamat çıxa bildi.

«BİZİM KİÇİK QARDAŞIMIZ TED (EDVARD) VAR…»

Kennedi qardaşlarının həyatı Con Kennedinin 1959-cu ildə dediyi bir fikri sanki təkrarladı – «mən siyasətə ona görə getdim ki, böyük qardaşım Cozef öldü. Mənim başıma bir iş gəlsə, mənim yolumu Robert davam etdirəcək. O da ölsə, bizim kiçik qardaşımız Ted (Edvard) var».

Amerikanın siyasi elitasının ən məşhur ailələrindən olan Kennedilər ailəsinin üstündə sanki bir kabus var.

Edvardın bacısı Ketlin 28 yaşında Fransada təyyarə qəzasında ölüb.

Robertin oğlu David 28 yaşında çoxlu dərman qəbul etməkdən ölüb. Robert Kennedinin digər oğlu Maykl 38 yaşında dağdan xizəklə sürüşəndə ölüb.

Con Kennedinin oğlu Con da öz ailəsi ilə birlikdə təyyarə qəzasında öldü.

Hindistanın baş naziri İndira Qandi və senator Edvard Kennedi, 15 avqust 1971
Ömrü boyu Senata bütün seçkiləri udan Edvard qardaşlarının faciəli ölümlərindən sonra cəmi bir dəfə prezidentlik yarışına qoşulmağa səy göstərdi. Bu səyində uğur qazanmayan Edvard sonralar anasının xahişi ilə prezident olmaq arzusundan birdəfəlik əl çəkdi.

Edvard Kennedi xarici siyasətlə bağlı məsələlərə çox qarışmasa da, Amerikada vətəndaş və seçki haqları, işçi hüquqları, təhsil, səhiyyə sahəsində mühüm qanunvericilik aktlarının qəbul olunmasında böyük rol oynayıb.

KENNEDİNİ HARVARDDAN QOVMUŞDULAR

Edvard Kennedi Harvard Universitetində Siyasət İnstitutunun yaradılmasında, Kennedi İdarəçilik Məktəbinin təsis olunmasında böyük əməyinə görə Harvardın xüsusi mükafatına layiq görülüb.

Halbuki vaxtilə onu Harvarddan qovmuşdular. Öz atası və qardaşları kimi Harvarda daxil olan Kennedi elə birinci il bir dostundan xahiş edib ki, onun yerinə ispan dilindən imtahan versin. İmtahanda bunun üstü açılanda Edvardı universitetdən qovdular.

Orduda iki illik hərbi xidmətdən sonra Edvard yenidən Harvarda daxil oldu.
Prezident Barak Obama senator Edvard Kennedinin çıxışına qulaq asır, 21 aprel 2009


Amerikanın İşgüzarlıq İnstitutundan olan Norman Ornşteyn deyir: «Kennedilərin atası öz doqquz uşağının hamısına deyirdi ki, istedadlı, effektiv, dünyaya təsir eləyən insanlar olsunlar. Ola bilər, Ted öz böyük qardaşları ilə müqayisədə parlaq deyildi. Ancaq o tez parlayıb, tez də sönən ulduz deyildi. Ola bilsin, Amerika siyasətinə ən böyük təsiri məhz Edvard göstərdi».