Şəki şəhərinə içməli su verilməsi bərpa edilib

Avqustun 26-da gecədən Şəki şəhərinə içməli su verilməsi bərpa edilib. Bu barədə AzadlıqRadiosuna Şəki icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə Hallar Komissiyasının rəhbəri Valeh Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, rayon mərkəzilə dağ kəndləri arasında əlaqə də bərpa edilməkdədir. Rayonun Vərəzət və Zəyzit kəndlərini birləşdirən körpünün yenidən bərpasıyla bağlı isə layihə institutunun nümayəndələri hazırda Şəkidə işləməkdədirlər. Rayona nə qədər ziyan dəyib bu hələ məlum deyil. Valeh Ələkbərov deyir bu mütəxəssislər tərəfindən hesablanmaqdadır.

Avqustun 21-də leysan yağışlar Şəki rayonuna ciddi ziyan vurub. Kiş çayında suyun səviyyəsinin qalxması nəticəsində rayonun içməli su təchizatı iflic vəziyyətinə düşmüşdü Təbii fəlakət nəticəsində dağ kəndlərinə gediş-gəliş məhdudlaşmışdı.