NATO-nun baş katibi İslamı dünyanın əsas dinlərindən sayır

NATO-nun yeni baş katibi Anders Foq Rasmussen deyib ki, insanların dini inanclarına böyük hörmət bəsləyir, İslamı isə dünyanın əsas dinlərindən sayır.
NATO-nun baş katibi bunu Türkiyədə deyib.

2005-ci ildə Məhəmməd peyğəmbərin karikaturası ilə bağlı beynəlxalq qalmaqal ortaya çıxanda Rasmussen Danimarkanın baş naziri idi. Həmin vaxt o karikaturaları qınamaqdan imtina edib ifadə azadlığını müdafiə edəndə islam dünyasının qəzəbinə tuş gəlmişdi. Elə buna görə də Türkiyə ilk əvvəl onun NATO-nun baş katibi vəzifəsinə təyin edilməsinə qarşı çıxmışdı.