Azad Rəhimov Ermənistana gedir

Gənclər və İdman Naziri Azad Rəhimov

Gənclər və İdman Naziri Azad Rəhimov və Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovdan ibarət nümayəndə heyəti Ermənistana yola düşəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlar Azərbaycan cüdoçularının Ermənistanda keçiriləcək gənclər arasında Avropa çempionatında iştirakının təşkilati məsələlərinin müzakirəsi üçün yarışdan öncə bu ölkəyə gedirlər.

2007-ci ildə Azərbaycanda keçirilən Güləş üzrə Dünya çempionatında iki ölkənin idman qurumları arasında imzalanmış müqaviləyə uyğun olaraq, yeni bir müqavilənin imzalanması nəzərdə tutulur.

Müqaviləyə Azərbaycan idmançılarının Ermənistana daxil olduqları andan ölkəni tərk edəcəkləri günə qədər ev sahibliyi edən ölkənin bütün təhlükəsizlik məsələlərinə ciddi şəkildə cavabdeh olması, informasiyaların ötürülməsi üçün şəraitin yaradılması, məşqlərin mütəmadi keçirilməsi, Azərbaycan bayrağının yarış boyu digər ölkələrin bayraqları ilə bir sırada asılması, idmançımızın 1-ci yeri qazanacağı təqdirdə Azərbaycan bayrağının qaldırılması, himninin səsləndirilməsi və bütün iştirakçıların bu an ayağa qalxması, BOK tərəfindən səlahiyyətli jurnalistlərin sərbəst şəkildə iştirakının təmin edilməsi, yarış boyu internet xidmətlərindən rahat yararlanma və digər məsələlər daxildir.

İmzalanma Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Cüdo Federasiyası, Avropa Cüdo Komitəsi, Avropa Olimpiya Komitəsi və Ermənistanın müvafiq orqanları arasında olacaq.