Alla Puqaçovaya Azərbaycanın «Dostluq» ordeni verildi

İlham Əliyev Alla Puqaçovanın konsertində olub

Azərbaycan prezidenti İlham Əliyev «Alla Borisovna Puqaçovanın «Dostluq» ordeni ilə təltif edilməsi haqqında» sərəncam imzalayıb.

Məşhur müğənni Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə bu ordenə layiq görülüb.

Alla Puqaçovanın Heydər Əliyev Sarayındakı konsertində olan prezident İlham Əliyev konsertdən sonra onunla görüşüb və Azərbaycanın ali mükafatını – «Dostluq» ordenini müğənniyə təqdim edib.

Konsertin maraqlı keçdiyini qeyd edən dövlət başçısı Alla Puqaçovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar və can sağlığı arzulayıb. Məşhur müğənni ordenə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Alla Puqaçova yenidən Azərbaycanda, Bakı şəhərində olmağından böyük məmnunluq hissi keçirdiyini bildirib.

«Siz xoşbəxtsiniz ki, Bakınız belə inkişaf edir, gözəlləşir. Bakıda müsbət mənada baş verən dəyişikliklər məni ürəkdən sevindirir. Vurğunu olduğum Bakının inkişafına görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm», - deyən müğənni bu konsertin onun Bakıda pərəstişkarları ilə sonuncu görüşü olduğunu bir daha bəyan edib. Deyib ki, gələcəkdə fəaliyyətini kino, teatr və radioda davam etdirəcək.