1993-cü il 4 iyun Gəncə qiyamı ilə bağlı istintaq əməlləri keçirilir. Bu barədə AzadlıqRadiosuna sabiq baş prokuror İxtiyar Şirin məlumat verib.
Onun sözlərinə görə, qiyam və və onun qarşısının alınmasıylıa bağlı həmin dövrdə açılmış və xitam verilmiş cinayət işi yenidən bərpa olunub. İxtiyar Şirin də həmin iş üzrə ittiham olunanlardan biridir.
QATI AÇILAN CİNAYƏT İŞİ
İxtiyar Şirin bu yaxınlarda Hərbi Prokurorluqdan istintaq işinin bitməsi və işin Gəncə Şəhər Nizami rayon Məhkəməsinə göndərilməsilə bağlı bildiriş də alıb.
Gəncə hadisələrinə görə hələ o zaman ittiham olunan Müsavat başqanı İsa Qəmbər, millət vəkili Pənah Hüseyn və digərləri də bu məlumatı sabiq baş prokurordan eşidiblər.
İxtiyar Şirin deyir ki, 16 il vaxt ötməsinə baxmayaraq prokurorluqdan işdən çıxarılması haqqında əmri və əmək kitabçasını ala bilmədiyindən bu ilin mayında Prezident Administrasiyasına müraciət edib. Orda məlum olub ki, 1993-ci il Gəncədə baş verən hadisələrlə bağlı açılan cinayət işi hələ də çözülmədiyindən sənədlərini ala bilməz.
SURƏT HÜSEYNOVUN GÜNAHI VARMI?
İşə 1998-ci ildə xitam verilsə də, bir il sonra xitam qərarı ləğv edilib. Bundan başqa, İxtiyar Şirinə o da məlum olub ki, Gəncə hadisələrilə bağlı onun işi ümumi cinayət işindən ayrılaraq istintaqına başlanılıb.
«Deyirdilər ki, guya həmin vaxt Surət Hüseynov haqqında həbs qərarı qanunsuz olub, hesab edirlər ki, Surət Hüseynovun heç bir cinayəti olmayıb və ona qarşı atılan addımlar qanunsuz olub».
Hərbi Prokurorluqdan adının çəkilməsini istəməyən əməkdaş doğurdan da İxtiyar Şirinlə bağlı istintaqın yekunlaşıb Gəncəyə göndərildiyini desə də, işi aparan müstəntiq Rəsul Hüseynov bu barədə danışmaqdan imtina etdi.
GİROV SİYASƏTÇİLƏR
İxtiyar Şirin hesab edir ki, 10 il müddətində cinayət işinin açıq qalması və bu barədə ittiham olunanlara məlumat verilməməsi bu işin siyasi təzyiq vasitəsi kimi saxlanmasına dəlalət edir.
Azərbaycanda illərlə qatı açılmayan işlərin siyasi fəaliyyət üçün maneəyə çevrilməsi təcrübəsi var. Misal üçün, AXCP sədri Əli Kərimlinin cibindən qumbara çıxması ilə bağlı hələ 1994-cü ildə açılmış və dayandırılmış cinayət işi 2005-ci ildə yenidən gündəmə gəldi. O vaxtdan bəri Kərimli pasport alıb ölkədən çıxa bilmir.
Artıq İxtiyar Şirinin də ölkədən çıxmasına qadağa qoyulub.
XƏBƏRSİZ MÜTTƏHİMLƏR
İxtiyar Şirin yeganə potensial qurban deyil. Gəncə hadisələrinə görə, ittiham edilən Milli Təhlükəsizlik nazirinin sabiq müavini, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər də deyir ki, bu işdə bir müəmma var. O, bu işin 10 il əvvəl xitam olunduğunu düşünürmüş.
«Əgər bu təzyiq vasitəsi kimi istifadə olunacaq isdisə, onda indiyə qədər açıqlanardı və psioxoloji təzyiq vasitəsi kimi 2003-cü ilin prezident seçkilərində də və ondan sonra da istifadə olunardı. Açığını deyim mən hələ bununla bağlı bir məntiqi izah tapa bilmirəm ki, niyə bu iş 10 ildən bəri açıq qalıb və bu barədə heç kimə məlumat verilməyib».
«BİZƏ MƏLUMAT VERİLMƏLİ İDİ»
Sabiq baş nazir, iş üzrə potensial müttəhim Pənah Hüseyn də işin gedişindən hamı kimi məlumatsız imiş:
«Əgər İxtiyar Şirin bu məsələni üzə çıxarmasaydı, bizim məlumatımız olmayacaqdı ki, haqqımızda bələ bir ağır ittiham var. İndi bizə məlum olur ki, o vaxt bizə qarşı qaldırılan cinayət işi bütün maddələrlə qüvvədədir. Əgər bu iş yenidən bərpa edilmişdisə bizə məlumart verilməli idi, ya da işə yenidən xitam veriməli idi».
Pənah Hüseyn deyir ki, Gəncə hadisələri ilə bağlı haqqında cinayət işi olanlar ya birgə,
SURƏT HÜSEYNOV GÜNAHKARDIRSA?...
1993-cü il iyunun 4-də Gəncədə baş verən qiyamdan sonra Milli Məclisin keçmiş sədri İsa Qəmbər, Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər, Daxili İşlər nazirinin keçmiş müavini Qabil Məmmədov və keçmiş baş prokuror İxtiyar Şirin, Ədliyyə nazirinin keçmiş müavini Məmməd Zeynalov və digərləri həbs edilib.
1994-cü ildə məhkəmənin qərarı ilə bu şəxslər həbsdən azad edilib. 1995-ci il yanvarın 9-da Ali Məhkəmənin Hərbi Kollegiyası cinayət işinin obyektiv araşdırılması üçün təkrar ibtidai istintaqa qaytarıb. Keçmiş baş nazir Surət Hüseynova qarşı cinayət işi başlanıb. 1998-ci il avqustun 1-də bütövlükdə cinayət işinə xitam verilib. 1999-cu ilin iyununda xitamla bağlı qərar ləğv edilib, amma bundan ittiham irəli sürülmüş şəxslər xəbərsiz olub.
Əgər istintaq həqiqətən aparılırsa, məhkəmənin cavablandıracağı suallardan biri də bu olacaq: Surət Hüseynov və onunla birgə hakimiyyətə gələnlər qiyamçı idilərmi?