Tək ayaqla 16 min km qaçdı


... Bütün ailə üzvləri həyəcanla şosenin qurtaracağında dayanıb gözləyirlər. 53 yaşlı Rendi Smit nəhayət ki, yastı təpənin üstündə göründü. Ailə üzvləri onu alqışlarla qarşıladı. Həyat yoldaşı Dorin gözləri yaşlı həyat yoldaşına sığındı. O, əri ilə fəxr edirdi.

Birləşmiş Ştatlar - Missuri ştatının Roçester qəsəbəsində yaşayan Smit axır ki, məqsədinə çatmışdı. O, 10 il ərzində üst-üstə 16 min 90 km qaçıb. Özü də bir ayağının üstündə.

Smit ayağını 21 il bundan əvvəl iş qəzasında itirib. Amma həyata ümidini itirməyib. 2000-ci ildə o qərara gəlib ki, beş il ərzində 5 mil (təqribən 8 min km) qaçsın. Bu hədəfə çatandan sonra isə bir az da irəli gedib və 10 il ərzində 10 min mil (təqribən 16 min km) qaçmağa qərar verib:

«Yaman yüngülləşmişəm. Yaxşı ki, hər şey yaxşı oldu. Çox vaxtlarım olub ki, özüm də inamımı itirmişəm: Görəsən, bu işi başa çatdıra biləcəyəm, yoxsa yox...».

32 yaşı olanda Smit istehsalat üçün konveyer xətti satan mağazada iş icraçısı işləyirmiş. Bir dəfə mağazaya gələn yükü boşaldanlara kömək edən vaxt zəncir sınır və ağır yük onun ayaqlarının üstünə düşür.

Həkimlər deyir ki, Smitin ayaqları kəsilməlidir, amma onunla bir yerdə işləyən qardaşı Larri tərəddüd edir, deyir ki, ataları ilə məsləhətləşməlidir.

Qardaşı otaqdan çıxan kimi Smit özü razılıq verir ki, həkimlər onun ayaqlarını kəssin. Amma həkimlər fikirlərini dəyişirlər və sağ ayağa şans verirlər...

Smit gəncliyindən qaçmaq həvəskarı olub. Ayağını itirəndən sonra da arabaya bağlı qalmaq istəməyib, çəliklə də olsa, qaçışı davam etdirmək qərarına gəlib.

O, əvvəlcə ayda 160 km qaçmaqdan başlayıb.

... Ailə şosenin kənarı ilə şad-xürrəm irəliləyir. Onlar bu axşam Rendi Smitin növbəti qələbəsini qeyd edəcəklər. / Beaver County Times /