Bu barədə məlumatı AzadlıqRadiosuna İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının əməkdaşı Yaşar Həkkəkpur verib: «O, İranda azərbaycanlılara qarşı haqsızlıqlar, ayrı-seçkilik edilməsinə dair məqalələr yazırdı. Onu 2006-cı ilə qədər «Sayan» dərgisinə yazdığı yazılarına görə həbs ediblər». Y.Həkkəkpur deyir ki, «jurnalistə qarşı ittiham irəli sürülməyib və rəsmi şəkildə ailəsinə heç bir məlumat verilməyib. Sentyabrın 19-da onun məhkəməsi olacağı deyilir, amma dəqiq yenə də heç nə bilinmir». U.Şükrü 2001-2006-cı illərdə Ərdəbildə nəşr olunan «Sayan» jurnalının baş redaktoru olub. Mədəniyyəti təbliğ edən, 3 dildə - ingilis, fars və Azərbaycan dillərində nəşr olunan jurnal sonradan İran hakimiyyəti tərəfindən bağlanıb. Jurnal 50-yə yaxın müxtəlif mükafatlar alıb. Bu arada İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi bəyanat yayaraq U.Şükrünün həbsini pisləyib. Mərkəz bildirir ki, «Şükrünün başına bir hadisə gəlsə, İran hakimiyyəti cavabdeh olacaq». |