ABŞ Rusiyanın ÜTT-yə qoşulmaq istəyini alqışlayır

ABŞ rəsmiləri Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmaq istəyini alqışlayıb.

Sentyabrın 21-də Vaşinqtonda Rusiya baş nazirinin birinci müavini İqor Şuvalovla görüşdən sonra ABŞ Ticarət rəsmisi Ron Kirk belə deyib.

O əlavə edib ki, iki tərəfli danışıqlarda inkişafa nail olmaq əvvəllər də, indi də Rusiyanın özündən asılıdır.

Bəyanatda bildirilir ki, iki ölkə rəsmisi kənd təsərrüfatı məhsullarının ixracı, intellektual mülkiyyət hüququ, informasiya texnologiyaları məhsullarının lisenziya proseduraları kimi məsələləri də müzakirə ediblər.

Böyük 20-lik ölkələri arasında Rusiya yeganə dövlətdir ki, ÜTT-nin üzvü deyil.

Rusiyanın təşkilata üzvlüyünə ötən ilin avqustunda Gürcüstanla olan müharibə də mane olub.

Böyük 20-lik dövlətləri isə bu həftə ABŞ-ın Pittsburq şəhərində toplaşacaq.