ABŞ, Britaniya və Fransa İranın gizli nüvə zavodu tikməkdə ittiham edir

ABŞ prezidenti Barak Obama bu gün İranı gizli nüvə yanacağı zavodu tikməkdə ittiham edib. Obama Tehrandan nüvə silahının yayılmamasına dair beynəlxalq qaydalara uyğun davranmağı tələb edib.

ABŞ-da Böyük İyirmilik ölkələri liderlərinin toplantısında Obama Britaniyanın baş naziri Qordon Braun və Fransa prezidenti Nikola Sarkozi ilə birlikdə BMT-nin nüvə enerjisi agentliyini təcili şəkildə İrandan gələn yeni xəbərləri araşdırmağa çağırıb:

- Bu avadanlıqların mövcudluğu İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərini yerinə yetirmək istəmədiyini bir daha sübut edir. Biz BMT-nin Atom Enerjisi Agentliyinin yeni yayılan informasiyaları dərhal araşdırmağa başlamasını və agentliyin direktorlar Şurasına bu barədə hesabat verməsini gözləyirik.

Obama İranın fəaliyyətini nüvə silahlarının yayılmaması rejiminə birbaşa təhlükə adlandırıb. O, deyib ki, Tehran beynəlxalq ictimaiyyətin etimadını qazanmaq üçün dərhal addımlar atmalıdır.

Bu gün səhər İranın özünün ikinci nüvə zavodunu tikdiyi haqqında BMT-nin Atom Enerjisi Agentliyinə xəbər göndərdiyi məlum olub. Tehran məlumatında zavodu elektrik enerjisi almaq üçün qurduğunu bildirib.

İran nevə silahı yaratmağa imkan verən uranı zənginləşdirmə planlarını dayandırmadığına görə üç dəfə BMT-nin sanksiyaları altındadır.

İndiyə qədər onun yalnız bir uran zənginləşdirən zavodunun olduğu bilinirdi.