Unutmusuzsa, demək lazımsızdır

beynin yaddaşdakı bəzi xatirələri zəiflətmək qabiliyyəti onun daha effektiv işləməsinə kömək edir
Açarlarınızı harda qoyduğunuzu unutmusunuz? Yəqin, beyniniz belə qərara gəlib ki, bu, o qədər də vacib informasiya deyil. Stenford Universitetinin apardığı yeni tədqiqatın nəticələrinə görə, insan beyni lazımsız saydığı informasiyaları mütəmadi olaraq yaddaşdan silir.

Brays Kul «İnsan nevrologiyası» adlı nəşrdə dərc olunmuş həmin tədqiqatın əsas müəllifidir. O deyir ki, beynin yaddaşdakı bəzi xatirələri zəiflətmək qabiliyyəti onun daha effektiv işləməsinə kömək edir.

B.Kul və onun həmkarları müxtəlif sözləri yada salmağa çalışan kollec tələbələrinin beyninin fəaliyyətini araşdırıblar. Tələbələri beynin maqnit-rezonans müayinəsini aparan xüsusi aparata qoşublar. Onlara 6 söz birləşməsi söyləyiblər. Sonrasa həmin sözləri yadda saxlamağa kömək edən onlarla replika və ya həmin söz birləşmələrinin müxtəlif qısaldılmış variantlarını deyiblər.

Tələbələr təkrar etdikləri söz birləşmələrini yadda saxlayıblar. Pərakəndə şəkildə deyilən replikaları isə unudublar.

Tələbələrin qoşulduğu aparatdan belə görünüb ki, onlar sözləri təkrar etdikcə beyinlərinin ön alın hissəsi tədricən aktivliyini itirib.

B.Kul deyir ki, həmin hissələrdə aktivliyin zəifləməsi beynin tələbələrin daha ehtiyac duymadıqları replikaları yavaş-yavaş unutduğuna işarədir.

Tədqiqatın həmmüəllifi – psixoloq, professor Entoni Vaqnersə deyir ki, nəsə bir şeyi unutduğumuza görə heyfsiləniriksə, bu, bizim yadda saxlamaq qabiliyyətimizə kömək etmiş olur.

Hə, gələn dəfə evə qayıdanda dükandan nəsə almağı unutsanız, bilin ki, beyniniz yəqin daha vacib - misal üçün, dostunuzun yaxınlaşan doğum günü kimi daha mühüm informasiya üçün yer hazırlayır.

Hərçənd ki, hansı məlumatın lazımlı, hansının lazımsız olduğunu beynimizin necə müəyyənləşdirdiyini B.Kul və onun həmkarları hələlik izah edə bilmirlər.