Fərid Mansurov ikiqat Dünya Çempionu oldu

2004-cü il Afina Olimpiadasının qalibi Fərid Mansurov

Danimarkanın Herninq şəhərində güləş üzrə Dünya çempionatı davam edir. Sentyabrın 27-də Yunan-Roma güləşi üzrə yarışa qatılan Afina Olimpiadasının qalibi Fərid Mansurov uğurlu çıxışı ilə yadda qalıb.

ANS-in məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Fərid Mansurov ilk mərhələdə ispan İsmael Navarro-Sançesi və yapon Sutomu Fucimurunu məğlub edib. 1/8 final mərhələsində isə o erməni Sasun Qambaryana qalib gəlib.

¼ finalda İran təmsilçisi Afşin Byabanqardanı da məğlub edən Fərid Mansurov yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Kuba təmsilçisi Pedro İsaak Mulenaya qalib gələn Mansurov finala vəsiqə qazanıb.

Qızıl medal uğrunda qarşılaşmada o, gürcü güləşçisi Manuçar Tsaxadayaya da qalib gəlib. Beləliklə, Fərid Mansurov ikiqat Dünya Çempionu tituluna sahib çıxıb.

Danimarkada keçirilən dünya birinciliyində Azərbaycan güləşçiləri ümumilikdə 3 qızıl, 4 gümüş, 3 bürünc medal alıblar.