ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya gəliblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Yuri Merzlyakov və Bernar Fasie. Yerevan, 1 oktyabr, 2009

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), Yuri Mezlyakov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 4-də Bakıya gəliblər.

APA-nın məlumatına görə, həmsədrlər adından açıqlama verən B. Fasie Ermənistanda çox konstruktiv görüşlər keçirdiklərini, bu barədə Azərbaycan rəsmiləri ilə danışıqlardan sonra məlumat verəcəklərini bildirib.

Fransalı diplomat oktyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklərini, görüşlərdən sonra regiona səfərlərinin yekunlarına dair mətbuat konfransı keçirmək niyyətində olduqlarını qeyd edib.

Xatırladaq ki, həmsədrlərin regiona səfəri oktyabrın 1-də başlayıb. İlk olaraq İrəvana səfər edən diplomatlar oktyabrın 2-3-də Xankəndində olublar. Yenidən Yerevana qayıdan vasitəçilər bu gün Bakıya gəliblər.

Onu da əlavə edək ki, səfərin əsas məqsədi münaqişənin nizamlanmasını nəzərdə tutan «Madrid prinsipləri»nin yeniləşmiş variantını tərəflərə təqdim etmək, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin MDB dövlət başçılarının oktyabrın 10-da Kişinyovda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində görüşünə hazırlıqdır.